AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATI PROSESSUAL MƏCƏLLƏSİ
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi
1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.
1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti
2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir.[1]
2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:
2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);
2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);
2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);
2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia);
2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia);
2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia);
2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;
2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına;
Maddə 3. İnzibati-iqtisadi məhkəmələr və məhkəmə kollegiyaları[2]
3.1. Bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.[3]
3.2. Bu Məcəllənin XV, XVI, XVII, XVIII fəsillərində nəzərdə tutulmuş mübahisələrə dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVI, XVII , XVIII fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. [4]
3.3. İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları tərəfindən baxılır.[5]
3.4. İnzibati mübahisələrə kassasiya qaydasında Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyası tərəfindən baxılır.
3.5. İnzibati-iqtisadi məhkəmələrdə inzibati mübahisələrə hakim tərəfindən təkbaşına baxılır.
3.6. Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati-iqtisadi kollegiyalarında (həm birinci instansiya məhkəməsi qismində, həm də apellyasiya instansiyası məhkəməsi qismində) inzibati mübahisələrə 3 hakimdən (daimi sədrlik edəndən və iki hakimdən) ibarət məhkəmə tərkibi tərəfindən baxılır.
3.7. Kassasiya qaydasında inzibati mübahisələrə dair işlərə 3 hakimdən (daimi sədrlik edəndən və iki hakimdən) ibarət məhkəmə tərkibi tərəfindən baxılır.
3.8. Bu Məcəllə ilə başqa qayda müəyyən edilməmişdirsə, inzibati-iqtisadi məhkəmələrin və məhkəmə kollegiyalarının təşkili və onların hüquqi statusu “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Maddə 4. Məhkəmə qərarının qəbul edilməsi qaydası
4.1. İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Qərar yazılı şəkildə tərtib edilir və hakim (işə kollegial qaydada baxıldıqda, məhkəmə tərkibinə daxil olan hakimlərdən hər biri) tərəfindən imzalanır.
4.2. İnzibati mübahisəyə dair işə 3 hakimdən ibarət məhkəmə tərkibi tərəfindən baxıldığı hallarda məhkəmə qərarı səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı hakimlərdən hər hansı birinin bitərəf qalmasına yol verilmir. Sədrlik edən sonuncu olaraq səs verir.
4.3. Azlıqda qalan hakim öz xüsusi rəyini yazılı şəkildə tərtib edə bilər, həmin rəy işə əlavə edilir. Apellyasiya instansiyası məhkəmələrinin və Ali Məhkəmənin inzibati mübahisələrə dair işlər üzrə kollegiyaları hakiminin xüsusi rəyi müvafiq məhkəmə tərkibinin qərarı ilə birlikdə dərc edilir.
Maddə 5. İnzibati-iqtisadi məhkəmələrin və ya məhkəmə kollegiyalarının səyyar iclasları[6]
İnzibati-iqtisadi məhkəmələr və ya məhkəmə kollegiyaları öz ərazi yurisdiksiyaları daxilində, zərurət olduğu hallarda, başqa şəhərlərdə və ya yaşayış məntəqələrində səyyar məhkəmə iclasları keçirə bilərlər.
Maddə 6. İnzibati-iqtisadi məhkəmələrdə və kollegiyalarda iş bölgüsü [7]
İnzibati-iqtisadi məhkəmələrdə və kollegiyalarda işlərin bölüşdürülməsi kargüzarlıq qaydalarına uyğun aparılır.
Maddə 7. Mübahisə ilə bağlı iş üzrə icraatın dayandırılması
7.1. Mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır.
7.2. İnzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır.
Maddə 8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi
8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur:
8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır;
8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır;
8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır;
8.1.3-1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır.[8]
8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır.
8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.
8.3. Mübahisəyə baxılmasının birdən artıq məhkəmənin səlahiyyətinə aid olduğu hallarda, məhkəmə mübahisə ilə bağlı işi iddiaçı və ya ərizəçi tərəfindən seçilən məhkəməyə göndərir. İddiaçı və ya ərizəçi tərəfindən belə seçim edilmədiyi hallarda, məhkəmə mübahisə ilə bağlı işi aidiyyət qaydalarına uyğun olaraq müvafiq səlahiyyətli məhkəməyə göndərir.
8.4. Tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir.
8.5. Bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər.
8.6. İnzibati-iqtisadi məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinininzibati-iqtisadi kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir.[9]
Maddə 9. Ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi
9.1. Aşağıdakı hallarda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir:
9.1.1. səlahiyyətli məhkəmə konkret halda hüquqi və ya faktiki baxımdan məhkəmə icraatını həyata keçirə bilmədikdə;
9.1.2. birdən çox məhkəmə özünü səlahiyyətli saydıqda;
9.1.3. mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda.
9.2. Bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir.
9.3. Məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır.
II fəsil
İNZİBATİ MƏHKƏMƏ İCRAATININ PRİNSİPLƏRİ
Maddə 10. Hakimlərin müstəqilliyi prinsipi
10.1. İnzibati məhkəmə icraatını həyata keçirərkən hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər. 10.2. İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə əlaqədar hakimə hər hansı təsir göstərilməsi qadağandır. 10.3. İnzibati mübahisəyə baxılması və ona dair qərarın qəbul edilməsi ilə əlaqədar hakimin birbaşa və ya dolayı göstərişlər gözləməsi və ya belə göstərişləri qəbul etməsi yolverilməzdir.
Maddə 11. Qanun və məhkəmə qarşısında bərabərlik prinsipi
11.1. İnzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.
11.2. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur.
Maddə 12. İşin hallarının araşdırılması prinsipi
12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər.
Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi
Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
Maddə 14. Sübut etmə vəzifəsi
14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür.
14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
Maddə 15. Çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsipləri
15.1. İnzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir.
15.2. İnzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər.
Maddə 16. Məhkəmə baxışının şifahiliyi prinsipi
16.1. Məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır.
16.2. Tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər.
16.3. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.
Maddə 17. Məhkəmə baxışının aşkarlığı prinsipi
17.1. Məhkəmə iclasları, bu Məcəllənin 17.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ictimaiyyət üçün açıq keçirilir. Məhkəmə iclasının qapalı keçirildiyi hallar istisna olmaqla, hər hansı şəxsin məhkəmə iclasına buraxılmaması qadağandır.
17.2. Proses iştirakçıları və iclas zalında olan digər şəxslər iclasın gedişinə dair qeydlər apara bilərlər. Bu Məcəllənin 17.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflərdən hər hansı birinin vəsatətinə əsasən və ya məhkəmənin öz təşəbbüsünə əsasən məhkəmə iclasının audio yazılışına, video və foto çəkilişinə məhkəmə tərəfindən icazə verilə bilər.
17.3. İnformasiyanın, qanunla qorunan hər hansı sirrin açıqlanmasının yolverilməz olduğu hallarda, proses iştirakçılarının şəxsi və ya ailə həyatının toxunulmazlığının təmin edilməsinin tələb olunduğu hallarda, yetkinlik yaşına çatmayan şəxslərin maraqlarının qorunmasının zəruri olduğu hallarda, habelə proses iştirakçılarının və ya digər şəxslərin həyatı, sağlamlığı və ya azadlığı üçün təhlükə yarandığı hallarda proses iştirakçılarının vəsatəti və ya məhkəmənin öz təşəbbüsü ilə məhkəmə iclası qapalı keçirilə bilər. Məhkəmə iclasının qapalı keçirilməsi barədə məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Həmin qərardad açıq məhkəmə iclasında elan edilməlidir.
17.4. Qapalı məhkəmə iclasında tərəflər və digər proses iştirakçıları, onların nümayəndələri və vəkilləri, zərurət olduğu hallarda şahidlər, ekspertlər və tərcüməçilər iştirak edə bilərlər. Qapalı məhkəmə iclasında iştirak edən şəxslər iclasın gedişində onlara məlum olan informasiyanı yaymamaq barədə xəbərdar olunurlar.
17.5. Mübahisə ilə bağlı işə qapalı məhkəmə iclasında baxan məhkəmə açıq inzibati məhkəmə icraatı ilə bağlı bütün prosessual qaydalara əməl etməyə borcludur.
17.6. Mübahisə ilə bağlı işə qapalı məhkəmə iclasında baxıldığı hallarda da, məhkəmənin yekun qərarı (qərardadı) açıq məhkəmə iclasında elan olunur.
III fəsil
ETİRAZLAR
Maddə 18. Hakim tərəfindən işə baxılmasına yol verilməməsi
18.0. Hakim aşağıdakı hallarda işə baxa bilməz və özü-özünə etiraz etməlidir:
18.0.1. proses iştirakçılarından birinin və ya onlardan hər hansı birinin nümayəndəsinin, eləcə də məhkəmə tərkibinin üzvlərindən birinin valideyni, övladı, nəvəsi, babası (nənəsi), qardaşı (bacısı), əmisi (dayısı, bibisi, xalası), əmisi (dayısı, bibisi, xalası) uşağı, bacanağı (baldızı) olduqda;
18.0.2. proses iştirakçılarından birinin və ya onlardan hər hansı birinin nümayəndəsinin, eləcə də məhkəmə tərkibinin üzvlərindən birinin rəsmi və ya faktiki əri (arvadı) olduqda və ya olmuşdursa;
18.0.3. bu Məcəllənin 18.1.1-ci maddəsində sadalanan şəxslər hakimin arvadı (əri) ilə müvafiq qohumluq əlaqələrində olduqda;
18.0.4. proses iştirakçılarından birinin və ya onlardan hər hansı birinin nümayəndəsinin, eləcə də məhkəmə tərkibinin üzvlərindən birinin kürəkəni (gəlini), qayınatası (qayınanası) olduqda.
Maddə 19. Hakimə etiraz olunması üçün əsaslar
19.1. Hakimə aşağıdakı hallarda etiraz oluna bilər:
19.1.1. bu Məcəllənin 18-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda;
19.1.2. o, inzibati icraatda, o cümlədən şikayət instansiyasında mübahisələndirilən inzibati aktın qəbul və ya təsdiq olunmasında iştirak etdikdə;
19.1.3. o, məhkəmə tərkibi müşavirəyə çıxana kimi mübahisə ilə bağlı işin mümkün nəticəsi barədə məhkəmə baxışından kənar istənilən formada mövqe bildirdikdə (və ya açıq bəyanat verdikdə);
19.1.4. o, inzibati məhkəmə icraatında maraqlarına toxunulan qurumun əvvəllər nümayəndəsi olduqda;
19.1.5. o, işin nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olduqda və ya onun qərəzsizliyinə şübhə doğuran sair hallar olduqda.
19.2. Etiraz haqqında vəsatət yazılı formada, məhkəmə iclasının gedişində isə şifahi formada verilə bilər. Vəsatətdə etiraza səbəb olan əsaslar göstərilməlidir.
19.3. Etiraz haqqında vəsatət, etiraz etmək üçün əsasın proses iştirakçısına məlum olduğu andan dərhal, üzrlü səbəbdən bunun dərhal mümkün olmadığı hallarda isə 3 gün müddətində verilə bilər.
IV fəsil
MƏHKƏMƏ AKTLARINI VƏ SƏNƏDLƏRİNİ TƏQDİMETMƏ
Maddə 20. Təqdimetmə
20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.
20.2. Azərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya olduğu yer olmayan proses iştirakçısı, məhkəmənin tələbinə əsasən ona ünvanlanmış məhkəmə aktlarını və digər məhkəmə sənədlərini almaq üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olan tam fəaliyyət qabiliyyətli şəxsi müvəkkil təyin etməyə borcludur. Müvəkkilin təyin edilmədiyi hallarda, məhkəmə həmin proses iştirakçısı qarşısında təqdimetmə vəzifəsi daşımır və təqdim edilməli sənədləri məhkəmə binasının elanlar lövhəsində asmaqla kifayətlənə bilər.
20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir.
Maddə 21. Kütləvi informasiya vasitələrində dərc olunma yolu ilə elan etmə
21.1. Məhkəmə aktının 40 nəfərdən çox şəxsə elan edilməsinin tələb olunduğu hallarda, məhkəmə həmin aktın kütləvi informasiya vasitələrində dərc olunma yolu ilə elan edilməsi haqqında qərardad qəbul edə bilər.
21.2. Qərardadda məhkəmə aktının dərc olunacağı kütləvi informasiya vasitəsi (gündəlik qəzet) göstərilməlidir. Bu zaman həmin aktın qüvvəsinin şamil olunacağı ehtimal edilən ərazilərdə daha çox yayılan kütləvi informasiya vasitələrinə (gündəlik qəzetlərə) üstünlük verilməlidir.
21.3. Qərardad proses iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə aktının növbəti dəfə hansı üsulla elan ediləcəyi və həmin aktın nə vaxt təqdim olunmuş sayılacağı barədə məlumatlar nəzərdə tutulmalıdır.
21.4. Məhkəmə dərc olunma haqqında qərardadını istənilən vaxt ləğv edə bilər. Bu Məcəllənin 21.1-ci maddəsində göstərilən şərtlər mövcud olmadıqda və ya aradan qalxdıqda məhkəmə həmin qərardadı ləğv etməyə borcludur.
21.5. Məhkəmənin dərc olunma haqqında qərardadından şikayət verilə bilməz.
21.6. Dərc olunma yolu ilə elan edilməsi nəzərdə tutulan məhkəmə aktı müvafiq ərazidə yayılan kütləvi informasiya vasitəsində (gündəlik qəzetdə) dərc olunmalı və eyni zamanda məhkəmədə elanlar lövhəsindən asılmalıdır. Məhkəmə aktı bu Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulmuş gündəlik qəzetlərdə dərc olunduğu hallarda, elanlar lövhəsində məhkəmə aktının nəticəvi hissəsini və ondan şikayət qaydası haqqında məlumatı asmaq kifayətdir. Məhkəmə aktı əvəzinə elanlar lövhəsində və ya gündəlik qəzetdə həmin məhkəmə aktının tam mətni ilə harada və necə tanış olmaq barədə müvafiq olaraq məlumat asıla və ya dərc edilə bilər.
21.7. Məhkəmə iclasının vaxtı və məhkəməyə çağırış haqqında qərardadlar tam şəkildə elanlar lövhəsindən asılmalı və dərc olunmalıdır.
21.8. Məhkəmə aktları və sənədləri gündəlik qəzetdə dərc olunduğu gündən 2 həftə sonra təqdim olunmuş sayılır.
21.9. Məhkəmə aktı kütləvi informasiya vasitələrində dərc olunduqdan sonra, proses iştirakçıları həmin aktın bir nüsxəsinin onlara verilməsini yazılı şəkildə tələb etmək hüququna malikdirlər.
21.10. Məhkəmə aktı bu Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulmuş qaydada dərc olunduqda, bu Məcəllənin 21.8-ci və 21.9-cu maddələrində nəzərdə tutulmuş qaydalar barədə həmin nəşrlərdə müvafiq məlumat verilməlidir.
V fəsil
PROSESSUAL MÜDDƏTLƏR
Maddə 22. Müddətlər
22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.
22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur.
Maddə 23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması
23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.
23.2. Hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Həmin müddətdə şikayətin verilməməsinin təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olduğunu sübut edən proses iştirakçısı, hüquqi müdafiə vasitələrindən istifadə etməyə mane olmuş hallar aradan qalxdığı gündən 15 gün ərzində şikayət verə bilər.
Maddə 24. Prosessual müddətlərin bərpa olunması
24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.
24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır.
24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir.
24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.
24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir.
24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir.
24.7. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz.
VI fəsil
PROSES İŞTİRAKÇILARI. İDDİANIN NÖVLƏRİ
Maddə 25. Prosessual hüquq qabiliyyəti
25.0. İnzibati məhkəmə icraatında iştirak etmək hüququna aşağıdakılar malikdirlər:
25.0.1. fiziki və ya hüquqi şəxslər;
25.0.2. dövlət orqanları və ya bələdiyyələr.
Maddə 26. Prosessual fəaliyyət qabiliyyəti
26.1. İnzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna aşağıdakılar malikdirlər:
26.1.1. mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər;
26.1.2. mülki hüquq normalarına əsasən məhdud fəaliyyət qabiliyyətli hesab edilən, lakin inzibati məhkəmə icraatının predmetinə münasibətdə ümumi hüquq normalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyətli sayılan şəxslər.
26.2. Dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların nümayəndələri və ya dövlət, bələdiyyə və ya hüquqi şəxs tərəfindən xüsusi səlahiyyət verilmiş şəxslər həyata keçirirlər. Rəhbəri ilə və ya həmin rəhbər tərəfindən səlahiyyət verilmiş nümayəndə ilə təmsil olunmuş inzibati orqan da dövlətin adından prosessual hərəkətləri həyata keçirə bilər.
26.3. Məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər inzibati məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq təmsil olunurlar.
Maddə 27. İnzibati məhkəmə icraatının iştirakçıları
27.0. Aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar:
27.0.1. iddiaçı;
27.0.2. cavabdeh;
27.0.3. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər.
Maddə 28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması
28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir.
28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə).
28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir.
28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz.
28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
Maddə 29. İnzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslərin prosessual hüquqları
29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər.
29.2. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər.
Maddə 30. Prosessual həmiştirakçılıq
30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər.
30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər.
30.3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati məhkəmə icraatında prosessual həmiştirakçılardan hər biri digər tərəfə qarşı müstəqil şəkildə çıxış edir. Prosessual həmiştirakçılardan hər hansı birinin hərəkəti digərinin nə xeyrinə, nə də zərərinə təfsir oluna bilməz.
30.4. İnzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır.
30.5. Hər bir prosessual həmiştirakçı müstəqil şəkildə inzibati prosesdə iştirak etmək hüququna malikdir. Bütün prosessual həmiştirakçılar istisnasız olaraq məhkəmə iclaslarına çağırılmalıdır.
Maddə 31. Prosessual nümayəndəlik
31.1. İnzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə və ya səlahiyyətli nümayəndə ilə təmsil olunmaq hüququ vardır.
31.2. Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər.
Maddə 32. Mübahisələndirmə haqqında iddia
32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər:
32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt;
32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);
32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt).
32.3. İlkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir.
Maddə 33. Məcburetmə haqqında iddia
33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.
33.3. İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir.
33.4. Bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır.
Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia
34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
34.2. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər.
34.3. Qəbul edilməsi gözlənilən inzibati akta qarşı qabaqlayıcı (preventiv) iddianın qaldırılmasına yalnız obyektiv səbəblərdən irəli gələn müstəsna hallarda (şəxsin hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilənin qarşısını almağın xüsusilə zəruri olduğu hallarda) yol verilir.
Maddə 35. İddianın mümkünlüyü
35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
35.2. Kollektiv maraqların müdafiə olunması məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində həmin maraqların pozulduğunu əsaslandırdıqları hallarda qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) tərəfindən bu Məcəllənin 35.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq iddianın qaldırılmasına yol verilir.
35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
Maddə 36. Müəyyən etmə və ya tanınma haqqında iddia
36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər.
36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər.
36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər.
36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır.
Maddə 37. Bir neçə tələbin obyektiv olaraq bir iddiada birləşdirilməsi
Bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.
Maddə 38. İddia müddəti
38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.
Maddə 39. İnzibati orqanın hərəkətsizliyindən müdafiə ilə bağlı iddia müddətləri
39.1. İnzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir.
39.2. Tələb olunan inzibati aktın, o cümlədən inzibati şikayətə dair qərarın xüsusi səbəblər üzündən qəbul edilmədiyi hallarda, məhkəmə inzibati aktın və ya inzibati şikayətə dair qərarın qəbul edilməsi üçün, qanunvericiliklə digər müddət müəyyən edilməmişdirsə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52.3-cü maddəsində nəzərdə tutulmuş müddəti nəzərə almaqla müəyyən müddət təyin edir. Təyin edilmiş müddət bitənədək iş üzrə icraat məhkəmə tərəfindən dayandırılır.
39.3. Məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir.
VII fəsil
MƏHKƏMƏ QAYDASINDA TƏTBİQ EDİLƏN MÜVƏQQƏTİ XARAKTERLİ MÜDAFİƏ TƏDBİRLƏRİ
Maddə 40. Müvəqqəti xarakterli müdafiə
40.1. Maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər.
40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər.
40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər.
40.4. Maraqlı şəxs inzibati aktdan şikayət instansiyasına inzibati şikayət etdiyi hallarda müvəqqəti xarakterli müdafiə barədə vəsatətlə həmin orqana müraciət etməlidir. Şikayət instansiyası 15 gün müddətində maraqlı şəxsin vəsatətini təmin etmədikdə, o, bu barədə ərizə ilə bu Məcəllənin 40.1-ci və 40.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilər.
Maddə 41. İnzibati aktın icrasının dayandırılması
41.1. İnzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır.
41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər.
41.3. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər.
41.4. İnzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır.
41.5. İnzibati aktın icrasının dayandırılması barədə ərizənin təmin edilməməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilər.
Maddə 42. İkili təsirə malik inzibati aktlara qarşı müvəqqəti xarakterli müdafiə
42.1. Üçüncü şəxs başqa şəxsə ünvanlanmış və həmin şəxs üçün əlverişli olan inzibati akta qarşı iddia qaldırdığı hallarda, məhkəmə üçüncü şəxsin ərizəsi əsasında müvəqqəti xarakterli müdafiə barədə qərardad qəbul edə bilər.
42.2. İnzibati aktın icrasının dayandırılması haqqında qərardad bu Məcəllənin 41-cı maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilir. Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları
43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır:
43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması;
43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi.
43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir.
Maddə 44. Müvəqqəti xarakterli müdafiə haqqında qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi
44.1. İddia ilə bağlı işə mahiyyəti üzrə baxan məhkəmə, bunun üçün kifayət qədər əsaslar olduğu hallarda istənilən zaman xidməti vəzifəsinə görə müvəqqəti xarakterli müdafiə barədə qərardadını dəyişdirə və ya ləğv edə bilər.
44.2. Məhkəmə icraatının hər bir iştirakçısı şəraitin dəyişməsi ilə bağlı müvəqqəti xarakterli müdafiə barədə qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi haqqında vəsatət qaldıra bilər.
44.3. Xüsusilə təcili hallarda, işə baxan məhkəmə tərkibinə sədrlik edən hakim qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi barədə təkbaşına qərardad qəbul edə bilər. Maraqlı şəxsə bərpa olunmaz ziyanın vurulması təhlükəsinin mövcud olduğu hallarda, sədrlik edən hakim məhkəmə icraatı iştirakçılarının ilkin dinlənilməsindən imtina etməyə haqlıdır.
44.4. Müvəqqəti xarakterli müdafiə barədə qərardad ən geci inzibati aktın artıq mübahisələndirilə bilmədiyi gün və ya iş üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirmiş sayılır.
VIII fəsil
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
Maddə 45. İddianın qaldırılması
45.1. İddia ərizəsi aidiyyəti üzrə müvafiq məhkəməyə yazılı şəkildə verilir.
45.2. Proses iştirakçılarının sayına görə iddia ərizəsinin və digər sənədlərin surətləri iddia ərizəsinə əlavə olunmalıdır.
45.3. İddia ərizəsi məhkəməyə daxil olduğu gün məhkəmənin dəftərxanasında qeydiyyata alınmalı və ərizəyə qeydiyyat tarixi göstərilməklə ştamp vurulmalıdır. İddia ərizəsinin poçt rabitəsi vasitəsi ilə göndərildiyi hallarda, iddia ərizəsinin vaxtında göndərildiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
45.4. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
45.5. İddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur:
45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz;
45.5.2. aidiyyətlə əlaqədar şərtlərin dəyişməsinə baxmayaraq iddia ilə bağlı iş iddianın ilkin olaraq verildiyi məhkəmənin icraatında qalır.
Maddə 46. İddia ərizəsinin məzmunu
46.1. İddia ərizəsində aşağıdakılar göstərilməlidir:
46.1.1. ərizənin verildiyi məhkəmənin adı;
46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları;
46.1.3. iddiaçının (ərizəçinin) tələbi.
46.2. Məhkəmə prosesinin tezləşdirilməsi məqsədi ilə iddia ərizəsində həmçinin aşağıdakılar göstərilə bilər:
46.2.1. iddiaçının öz tələbini əsaslandırdığı faktlar və digər sübutetmə vasitələri;
46.2.2. iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinin zəruriliyini göstərən hallar və iddiaçının istəyinə uyğun olaraq, həmin inzibati aktın layihəsi;
46.2.3. mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar və iddiaçının vəsatətləri;
46.2.4. əsli və ya surəti iddia ərizəsinə qoşulmaqla, mübahisələndirilən inzibati akt və şikayət instansiyasına şikayət verildiyi hallarda şikayət instansiyasının qərarı;
46.2.5. ərizəyə əlavə olunmuş sənədlərin siyahısı.
46.3. İddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir.
Maddə 47. İddianın təqdim olunması
47.1. Hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim (bundan sonra - sədrlik edən hakim) iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim olunmasına dair sərəncam verir.
47.2. İddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir.
Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri
48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.
48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir.
48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir.
Maddə 49. Hazırlıq icraatı
49.1. Sədrlik edən hakim şifahi məhkəmə baxışı başlayana qədər, hüquqi mübahisənin bir şifahi məhkəmə iclası çərçivəsində həll olunması (mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul olunması) üçün bütün zəruri tədbirləri görməlidir. Bu məqsədlə sədrlik edən hakim aşağıdakı hərəkətləri edə bilər:
49.1.1. işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək, habelə hüquqi mübahisəni barışıq yolu ilə nizama salmaq (həll etmək) və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçılarını dəvət etmək;
49.1.2. hazırlıq sənədlərini (ərizələrini, vəsatətlərini, izahatlarını, etirazlarını) tamamlamağı və ya aydınlaşdırmağı, iş üzrə materiallarda saxlanılması mümkün olan sənədlərin və predmetlərin məhkəməyə təqdim olunmasını proses iştirakçılarına təklif etmək, dəqiqləşdirmə tələb edən müəyyən halların izah olunması üçün müddət təyin etmək;
49.1.3. zəruri sənədləri (arayışları, məlumatları) toplamaq;
49.1.4. tələb olunan sənədlərin təqdim olunması barədə sərəncam vermək;
49.1.5. proses iştirakçılarının şəxsən məhkəməyə gəlmələrinə dair sərəncam vermək;
49.1.6. şahidləri və ekspertləri dəvət etmək.
49.2. Məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir.
Maddə 50. Hazırlıq icraatında məhkəmə tərəfindən qəbul edilən qərardadlar
50.0. Sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında aşağıdakı məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir: 50.0.1. iş üzrə məhkəmə icraatının dayandırılması və ya təxirə salınması barədə;
50.0.2. iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə;
50.0.3. hüquqi mübahisənin barışıq yolu ilə nizama salınması (tərəflərin barışıq sazişi bağladığı və ya hüquqi mübahisənin nizama salınması barədə müştərək bəyanatla çıxış etdiyi hallarda, fors-major və ya başqa hallarda) barədə;
50.0.4. iddianın məbləği barədə;
50.0.5. prosessual xərclər barədə; 50.0.6. məhkəmə icraatına cəlbetmə barədə.
Maddə 51. Məhkəmə tərəfindən müddətin təyin edilməsi
51.1. İddiaçı inzibati icraat zamanı müəyyən faktların nəzərə alınması və ya alınmaması nəticəsində hüquqlarının pozulduğunu bildirdiyi hallarda, sədrlik edən hakim həmin faktların məhkəməyə təqdim olunması və ya bu barədə məlumat verilməsi üçün iddiaçıya müddət təyin edə bilər.
51.2. Sədrlik edən hakim proses iştirakçısından müəyyən hadisələrə dair faktlar barədə məlumat verməyi və ya sübutetmə vasitələrini göstərməyi, onun sərəncamında olan sübutları təqdim etməyi tələb edə bilər. Hakim tərəfindən bu məqsədlə müvafiq müddət təyin oluna bilər.
Maddə 52. Məhkəmə baxışının hədləri
Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
Maddə 53. Qarşılıqlı iddia
53.1. İlkin iddia üzrə icraat zamanı qarşılıqlı iddia qaldırıla bilər, lakin bu halda qarşılıqlı tələb ilkin iddiada irəli sürülən tələblə və ya cavabdehin ilkin iddiaya qarşı istifadə etdiyi müdafiə vasitələri ilə əlaqəli olmalıdır. Aidiyyət qaydalarına görə iddianın başqa məhkəməyə aid olduğu hallarda qarşılıqlı iddiaya yol verilmir.
53.2 Qarşılıqlı iddia bu Məcəllə ilə müəyyən edilmiş qaydada qaldırılır.
53.3. Mübahisələndirmə haqqında, qanunauyğunluq haqqında və ya məcburetmə haqqında iddialara münasibətdə qarşılıqlı iddia qaldırıla bilməz.
Maddə 54. İddianın dəyişdirilməsi
54.1. İnzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır.
54.2. Cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir.
54.3. İddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz.
Maddə 55. İddiadan imtina edilməsi
55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır.
55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir.
55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.
55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.
Maddə 56. Müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması
56.1. Məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır.
56.2. Məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır.
56.3. Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir.
Maddə 57. Məhkəməyə gəlmək vəzifəsi
57.1. Məhkəmə proses iştirakçısından məhkəmə iclasına şəxsən gəlməyi tələb edə bilər. Məhkəmə bu tələbə əməl etməyən proses iştirakçısına 50 manatdan 100 manatadək məbləğdə cərimə olunacağı barədə xəbərdarlıq edir.
57.2. Üzrsüz səbəbdən gəlmədiyi hallarda, məhkəmə proses iştirakçısını cərimə edə bilər.
57.3. Proses iştirakçısının şəxsən gəlməsi, gəlmədiyi hallarda cərimə edilməsi və cərimənin məbləğinin müəyyən olunması barədə məhkəmə qərardad qəbul edir.
57.4. Cərimə barədə xəbərdarlıq və ya cərimə təkrar tətbiq edilə bilər.
57.5. Proses iştirakçısı qismində hüquqi şəxsin çıxış etdiyi hallarda, cərimə barədə xəbərdarlıq və ya cərimə, qanuna və ya hüquqi şəxsin nizamnaməsinə uyğun olaraq həmin hüquqi şəxsin səlahiyyətli nümayəndəsi olan şəxsə münasibətdə tətbiq edilir.
57.6. İnzibati orqanın nümayəndəsi üzrsüz səbəbdən məhkəməyə gəlmədiyi hallarda, cərimə barədə xəbərdarlıq və ya cərimə inzibati orqana münasibətdə tətbiq edilir.
57.7. Məhkəmə, prosesin iştirakçısı olan inzibati orqandan və ya ümumi hüququn subyektindən, mübahisə ilə bağlı işin faktiki və hüquqi vəziyyəti barədə kifayət qədər məlumatlı olan, səlahiyyətləri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş müvafiq vəzifəli şəxsin nümayəndə qismində məhkəməyə göndərilməsini tələb edə bilər.
Maddə 58. Sübutların araşdırılması qaydası
58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər.
58.3. Sübutların cəlb olunmasına dair şifahi məhkəmə iclasında qaldırılmış vəsatət yalnız məhkəmənin əsaslandırılmış qərardadı ilə rədd edilə bilər.
58.4. Zəruri hallarda sədrlik edən hakim şifahi məhkəmə baxışı başlayanadək, sübutların araşdırılmasını səlahiyyətli hakim qismində məhkəmə tərkibinin üzvlərindən birinə həvalə edə bilər.
58.5. Zəruri hallarda məhkəmə, aydınlaşdırılması zəruri olan konkret halları göstərməklə, sübutların araşdırılması və ya toplanılması üçün başqa məhkəməyə müraciət edə bilər.
58.6. Sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər.
58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 59. Sübutların araşdırılması ilə bağlı proses iştirakçılarının hüquqları
59.1. Proses iştirakçıları sübutların araşdırılmasında iştirak edə bilərlər. Sübutların araşdırılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə proses iştirakçılarına bu Məcəllə ilə müəyyən edilmiş qaydada ən azı 3 gün əvvəl məlumat verilir.
59.2. Proses iştirakçıları şahidlərə, ekspertlərə və inzibati orqanların nümayəndələrinə işə aid suallar verə bilərlər. Suala etiraz olunduğu hallarda sualın mümkünlüyü haqqında məsələ hakim və ya işə baxan məhkəmə kollegiyası tərəfindən həll edilir.
Maddə 60. İnzibati orqanların tələb olunan sənədləri və məlumatları təqdim etmək vəzifəsi
İnzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. Həmin sənədlərin və ya aktların məzmununun açıqlanmasının qanunla qorunan maraqlara ziyan vura biləcəyi hallarda və ya müəyyən fəaliyyətin mahiyyətinə görə, yaxud qanuna əsasən məxfi saxlanılmalı olduğu hallarda məhkəmə həmin sənədlərin və ya aktların, habelə məlumatların qapalı məhkəmə iclasında araşdırılması barədə qərardad qəbul edir.
Maddə 61. İş üzrə icraat materialları ilə tanış olmaq hüququ
61.1. Proses iştirakçıları bu Məcəllənin 60-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, istənilən vaxt iş üzrə icraat materialları ilə, habelə həmin icraatla bağlı məhkəməyə təqdim olunmuş sənədlərlə tanış ola bilərlər.
61.2. Proses iştirakçıları bu Məcəllənin 60-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, öz hesablarına iş üzrə icraat materiallarında olan sənədlərin təsdiqlənmiş surətlərinin və (və ya) belə sənədlərdən çıxarışların verilməsi xahişi ilə müvafiq məhkəmənin dəftərxanasına müraciət edə bilərlər. Sədrlik edən hakim bu Məcəllənin 60-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, öz təşəbbüsü ilə məhkəmə aktlarını həmin aktlarla işləmək üçün müvafiq səlahiyyətli vəkilə və ya nümayəndəyə verə bilər.
Maddə 62. Məhkəmə bildirişləri
62.1. Məhkəmə proses iştirakçılarını şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur.
62.2. Məhkəmə bildirişi şifahi məhkəmə baxışı ilə bağlı iclasın təyin edildiyi tarixə (günə) ən azı 10 gün qalmış proses iştirakçılarına təqdim edilməlidir. Xüsusilə təcili hallarda sədrlik edən hakim həmin müddəti azalda bilər.
62.3. Məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır.
Maddə 63. Məhkəmə iclası
63.1. Sədrlik edən hakim şifahi məhkəmə baxışı ilə bağlı iclası açır və ona rəhbərlik edir.
63.2. Məhkəmə iclası açıq elan olunduqdan və proses iştirakçılarının tərkibi müəyyən edildikdən sonra, sədrlik edən və ya məruzəçi hakim mübahisənin mahiyyətini ümumi şəkildə izah (şərh) edir.
63.3. Mübahisənin mahiyyəti izah olunduqdan sonra, sədrlik edən hakim vəsatət vermək, öz tələblərini və ya vəsatətlərini əsaslandırmaq üçün proses iştirakçılarına söz verir.
Maddə 64. Hakimin mübahisə ilə bağlı işi müzakirə etmək vəzifəsi
64.1. Sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur.
64.2. Sədrlik edən hakim məhkəmə tərkibinin hər bir üzvü üçün, onların tələbi üzrə sual vermək imkanı yaratmalıdır.
64.3. Mübahisə ilə bağlı işin müzakirəsi başa çatdıqdan sonra, sədrlik edən hakim şifahi məhkəmə baxışını bağlı elan edir.
64.4. Qərar qəbul edilənədək məhkəmə öz təşəbbüsü ilə şifahi məhkəmə baxışının təzələnməsi barədə qərardad qəbul edə bilər.
Maddə 65. Şifahi məhkəmə baxışının protokolu
İnzibati məhkəmə icraatında protokollaşdırma ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22-ci fəslində nəzərdə tutulmuş müvafiq qaydalar tətbiq olunur.
Maddə 66. Barışıq sazişinin mümkünlüyü
66.1. Mübahisənin predmeti barədə sərəncam hüququna malik olduqları hallarda, tərəflər mübahisənin tam və ya qismən həll edilməsi məqsədilə barışıq sazişi bağlaya bilərlər. Barışıq sazişinin məzmunu məhkəmənin iclas protokoluna qeyd edilməlidir.
66.2. Barışıq sazişinin bağlanılması ictimai təhlükəsizliyin və ictimai qaydanın qorunması ilə bağlı qanunvericiliyə zidd olduğu hallarda, məhkəmə barışıq sazişini təsdiqləməkdən imtina etməlidir. Mübahisənin həllinin xüsusi ictimai maraq kəsb etdiyi hallarda da məhkəmə barışıq sazişini təsdiqləməkdən imtina edə bilər.
66.3. Məhkəmə, sədrlik edən və ya məruzəçi hakim barışıq sazişinin bağlanması barədə tərəflərə məhkəmə qərardadı formasında təklif verməyə haqlıdır. Bu halda barışıq sazişi tərəflərin məhkəmənin təklifinə yazılı formada razılığı əsasında bağlana bilər.
66.4. Protokollaşdırılan barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardad qəbul edir.
Maddə 67. İddiaçının tələblərinin təmin olunması
67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər.
67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər.
67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
67.4. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır.
IX fəsil
MƏHKƏMƏ QƏRARLARI
Maddə 68. Məhkəmə qərarının əsası
68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
68.3. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Maddə 69. Məhkəmə qərarının forması və məzmunu
69.1. Məhkəmə qərarı aşağıdakı hissələrdən ibarət yazılı formada tərtib edilməlidir:
69.1.1. giriş hissəsindən;
69.1.2. təsviri hissədən;
69.1.3. əsaslandırma hissəsindən;
69.1.4. nəticəvi hissədən.
69.2. Məhkəmə qərarının giriş hissəsində onun qəbul edildiyi tarix və yer, qərarı qəbul edən məhkəmənin adı, qərarın qəbul edilməsində iştirak edən hakimlərin (hakimin) soyadı, adı, atasının adı, proses iştirakçılarının, onların qanuni və (və ya) səlahiyyətli nümayəndələrinin adı, soyadı, atasının adı, ixtisası və vəzifəsi, yaşayış yeri, habelə məhkəmə icraatında onların statusu göstərilməlidir.
69.3. Məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə istinad etmək zəruridir.
69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər.
69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
69.6. Məhkəmə qərarının icra qaydasının və müddətinin müəyyən edildiyi hallarda, qərarın nəticəvi hissəsində bu barədə müvafiq göstəriş nəzərdə tutulmalıdır.
69.7. Məhkəmə qərarı elan olunduğu vaxtdan ən geci 15 gün müddətində tam hazır formada məhkəmənin dəftərxanasına verilməlidir.
69.8. Məhkəmə dəftərxanasının müvafiq dövlət qulluqçusu məhkəmə qərarında həmin qərarın proses iştirakçılarına təqdim olunduğu tarix, qərar şifahi məhkəmə baxışı ilə bağlı iclasda elan olunduğu hallarda isə onun elan edildiyi tarix barədə qeyd aparmalı və həmin qeydləri öz imzası ilə təsdiq etməlidir.
Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı
70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.
70.2. İddiaçının pul məbləğinin həcmini müəyyən edən və ya pul məbləğinin təyin edilməsi üçün müəyyən şərtlərin mövcud olduğunu nəzərdə tutan (tanıyan) inzibati aktın dəyişdirilməsini tələb etdiyi hallarda, məhkəmə başqa miqdarda pul məbləği və ya pul məbləğinin ödənilməsi üçün başqa şərtlər müəyyən edə bilər.
70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.
Maddə 71. İnzibati aktın icrasının dönüşü haqqında məhkəmə qərardadı
71.1. İnzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər.
71.2. Məhkəmə baxışının davam etdirilməsinə artıq ehtiyac qalmadığı və inzibati orqanın icranın nəticələrinin aradan qaldırılması üsulları ilə bağlı diskresion səlahiyyətlərə malik olmadığı hallarda, məhkəmə icranın nəticələrinin aradan qaldırılması üsulu və qaydası barədə göstəriş (təkliflər) verməyə haqlıdır.
71.3. İnzibati aktın icrasının nəticələrini aradan qaldırmaq mümkün olmadıqda, məhkəmə inzibati orqan tərəfindən kompensasiyanın ödənilməsi barədə qərar qəbul edə bilər.
Maddə 72. Ləğv olunmuş inzibati aktın etibarsız sayılması barədə məhkəmə qərarı
İnzibati aktın inzibati orqanın özü tərəfindən ləğv olunduğu və ya digər əsaslara görə qüvvədən düşdüyü hallarda, məhkəmə iddiaçının hüquqi marağını nəzərə alaraq onun ərizəsinə (vəsatətinə) əsasən həmin aktın etibarsız (qanunsuz) sayılması barədə qərar qəbul edir.
Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı
73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz:
73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə;
73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə;
73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda.
Maddə 74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü
İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
Maddə 75. Məhkəmə qərarının elan olunması və təqdim edilməsi
75.1. Məhkəmə qərarının nəticəvi hissəsi, bir qayda olaraq, şifahi məhkəmə baxışının qurtardığı gün elan edilir. Müstəsna hallarda (mürəkkəb işlər üzrə) məhkəmə qərarının nəticəvi hissəsi, şifahi məhkəmə baxışının qurtardığı gün məhkəmə tərəfindən müəyyən edilən başqa gündə, lakin 10 gündən gec olmayaraq elan edilə bilər. Qərarın elan edilən nəticəvi hissəsi yazılı formada tərtib olunur və işə baxan hakim, işə kollegial qaydada baxıldıqda isə, məhkəmə tərkibinə daxil olan hakimlərdən hər biri tərəfindən imzalanır.
75.2. Yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 15 gündən gec olmayaraq tərtib olunaraq məhkəmənin dəftərxanasına verilməlidir.
75.3. Məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. 75.4. Bu Məcəllənin 85.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Tərəflərin şikayətin geri götürülməsi haqqında bəyanatı yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
Maddə 76. Məhkəmə qərarının mətnində məhkəmənin düzəliş etmək vəzifəsi
76.1. Məhkəmə məhkəmə qərarının mətnində olan aşkar yazı və hesab səhvlərini və ya digər aşkar yanlışlıqları düzəltməyə borcludur.
76.2. Məhkəmə qərarının mətninə düzəlişlər barədə məhkəmə qərardad qəbul edir. Qərardad şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.
76.3. Məhkəmə qərarında və həmin qərarın surətlərində düzəlişlər barədə müvafiq qeyd aparılmalıdır.
Maddə 77. Ərizə əsasında məhkəmə qərarının mətnində düzəliş edilməsi
77.1. Bu Məcəllənin 76.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, məhkəmə qərarının təsviri hissəsində başqa yanlışlıqlar və aydın olmayan məqamlar olduqda, məhkəmə qərarının təqdim olunduğu gündən 2 həftə ərzində proses iştirakçıları tərəfindən zəruri düzəlişlərin edilməsi barədə ərizə verilə bilər.
77.2. Məhkəmə sübutları araşdırmadan düzəlişlər barədə ərizəyə dair qərardad qəbul edir. Həmin qərardaddan şikayət verilə bilməz.
77.3. Qərardad yalnız məhkəmə qərarının qəbul edilməsində iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilir. Hakimlərdən birinin səsvermədə iştirak etmək imkanından məhrum olduğu hallarda, səslərin bərabər olduğu təqdirdə sədrlik edən hakimin səsi həlledici sayılır.
77.4. Məhkəmə qərarında və həmin qərarın surətlərində düzəlişlər barədə müvafiq qeyd aparılmalıdır.
Maddə 78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri
Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
Maddə 79. Məhkəmə qərarının icra olunması
79.1. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur.
79.2. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir.[10]
Maddə 80. Məhkəmə qərardadları
80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır.
80.2. İnzibati aktın icrasının dayandırılması haqqında və digər müvəqqəti xarakterli müdafiə ilə bağlı məhkəmə qərardadları, habelə maraqlı şəxslər tərəfindən hüquqi mübahisənin mahiyyəti üzrə nizama salınmasından sonra qəbul edilən qərardadlar hər bir halda əsaslandırılmalıdır. 80.3. Bu Məcəllənin 52-ci, 68-ci, 75.3-cü, 76-cı və 77-ci maddələrində nəzərdə tutulmuş qaydalar məhkəmə qərardadlarına da şamil olunur.
X fəsil
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNDƏ ŞİKAYƏT ÜZRƏ İCRAAT
Maddə 81. Apellyasiya şikayəti vermək hüququ
81.1. İnzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati-iqtisadi kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.[11]
81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuşmüvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur.[12]
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri
Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 83. Şikayətin mümkünlüyü
83.1. Şikayət inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər.[13]
83.2. Məhkəmə qərarının yalnız əsaslandırma hissəsi və məhkəmə xərcləri ilə bağlı şikayətə yol verilmir.
83.3. Aşağıdakı məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz:
83.3.1. məhkəmə prosesinin aparılması qaydaları haqqında məhkəmə qərardadlarının (sərəncamlarının);
83.3.2. məhkəmə iclasının vaxtının dəyişdirilməsi, təxirə salınması və ya məhkəmə iclasının vaxtı ilə bağlı müəyyən müddətin təyin olunması haqqında məhkəmə qərardadlarının;
83.3.3. sübutlar haqqında və ya sübutların cəlb olunması barədə vəsatətlərin rədd edilməsi haqqında məhkəmə qərardadlarının;
83.3.4. müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarının;
83.3.5. hakimlərə, məhkəmə tərkiblərinə etirazlar ilə bağlı məhkəmə qərardadlarının;
83.3.6. bu Məcəllənin 21.5-ci, 24.7-ci, 28.4-cü, 54.3-cü, 55.4-cü və 77.2-ci maddələrində nəzərdə tutulmuş hallarda.
83.4. Bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər.
Maddə 84. Şikayət üzrə məhkəmə icraatının iştirakçıları
Şikayətçi və birinci instansiya məhkəməsində icraatın iştirakçıları olmuş digər şəxslər şikayət üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar.
Maddə 85. Şikayətin verilməsinə dair tələblər
85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir.
85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 86. Şikayət daxil olduqdan sonra birinci instansiya məhkəməsinin hərəkətləri
86.1. Şikayət daxil olduqdan sonra inzibati-iqtisadi məhkəmə şikayətlə bağlı aşağıdakı formal tələblərə apellyasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır:
86.1.1. şikayətin apellyasiya şikayəti verən şəxs və onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmasını;
86.1.2. apellyasiya şikayəti verən şəxsin adının, soyadının, atasının adının və ünvanının göstərilməsini;
86.1.3. barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsini;
86.1.4. dövlət rüsumunun ödənilməsini;
86.1.5. şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin göstərilməsini;
86.1.6. şikayətə əlavə edilən sənədlərin siyahısının olmasını.
86.2. Bu Məcəllənin 86.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə apellyasiya şikayəti verən şəxsə yardım etməlidir.
86.3. İnzibati-iqtisadi məhkəmə şikayətin daxil olduğu vaxtdan beş gün müddətində həmin şikayəti mübahisə ilə bağlı işin materialları ilə birlikdə müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərir.[14]
86.4. Apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayətin geri götürüldüyü hallarda birinci instansiya məhkəməsi şikayətlə bağlı icraata xitam verilməsi barədə qərardad qəbul edir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat
87.1. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş şikayətin surətini digər proses iştirakçılarına göndərir, proses iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır, qərarın qəbul edilməsi üçün zəruri olan digər müvafiq tədbirləri görür.
87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir.
87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir.
87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir.
87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər:[15]
87.7.1. inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;
87.7.2. inzibati-iqtisadi məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə.
87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
87.10. Məcburetmə haqqında iddia üzrə şikayət təmin edildiyi hallarda apellyasiya instansiyası məhkəməsinin qərarında, inzibati orqanın həmin qərar əsasında qəbul etdiyi inzibati akta qarşı şikayətin birbaşa həmin apellyasiya instansiyası məhkəməsinə verilməsi (hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti) göstərilməlidir.
Maddə 88. Şikayətin geri götürülməsi
88.1. Şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər.
88.2. Şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir.
88.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.
88.4. Şikayətin geri götürüldüyü hallarda məhkəmə xərcləri haqqında məhkəmə tərəfindən qərardad çıxarılır.
Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi
Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
XI fəsil
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNDƏ ŞİKAYƏT ÜZRƏ İCRAAT
Maddə 90. Kassasiya şikayəti vermək hüququ
90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.[16]
90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur.
Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri
Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Maddə 92. Məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslar
92.0. Aşağıdakı hallarda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır:
92.0.1. mübahisə ilə bağlı işə, həmin işə baxmaq hüququ olmayan məhkəmə tərəfindən baxıldıqda;
92.0.2. qanuna əsasən vəzifəsindən kənarlaşdırılmış və ya qərəzsizliyinə şübhə olduğuna görə etiraz olunmuş hakim qərarın qəbul edilməsində iştirak etdikdə;
92.0.3. proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda;
92.0.4. proses iştirakçısının aşkar və ya susmaqda ifadə olunan razılığı ilə məhkəmə icraatının aparıldığı hallar istisna olmaqla, proses iştirakçısı icraatda qanunun müddəalarına uyğun şəkildə təmsil olunmadıqda;
92.0.5. qərar aşkarlıq prinsipinin pozulduğu şifahi məhkəmə baxışı əsasında qəbul edildikdə;
92.0.6. bu Məcəlləyə uyğun olaraq əsaslandırılması zəruri olan qərar əsaslandırılmadıqda.
Maddə 93. Kassasiya şikayəti üzrə məhkəmə icraatının iştirakçıları və onların nümayəndələri
Kassasiya şikayəti verən şəxs və apellyasiya instansiyası məhkəməsində inzibati məhkəmə icraatının iştirakçıları olmuş digər şəxslər həmin şikayət üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar.
Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər
94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.
94.3. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.
94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
Maddə 95. Kassasiya şikayəti daxil olduqdan sonra apellyasiya instansiyası məhkəməsinin hərəkətləri
95.1. Kassasiya şikayəti daxil olduqdan sonra, apellyasiya instansiyası məhkəməsi şikayətlə bağlı aşağıdakı formal tələblərə kassasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır:
95.1.1. apellyasiya şikayəti verən şəxsin adının, soyadının, atasının adının və ünvanının göstərilməsini;
95.1.2. barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsini;
95.1.3. dövlət rüsumunun ödənilməsini;
95.1.4. şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin göstərilməsini;
95.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısının olmasını.
95.2. Bu Məcəllənin 95.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə kassasiya şikayəti verən şəxsə yardım etməlidir.
95.3. Apellyasiya instansiyası məhkəməsi şikayətin daxil olduğu vaxtdan 5 gün ərzində həmin şikayəti, mübahisə ilə bağlı işin materialları ilə birlikdə Ali Məhkəməyə göndərir.
95.4. Ali Məhkəməyə göndərilənədək şikayətin geri götürüldüyü hallarda, apellyasiya instansiyası məhkəməsi şikayətlə bağlı icraata xitam verilməsi barədə qərardad qəbul edir.
Maddə 96. Ali Məhkəmədə icraat
96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini digər proses iştirakçılarına göndərir, proses iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır.
96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
96.4. Kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir.
96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır:
96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;
96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.
96.6. Bu Məcəllənin 96.5-ci maddəsində nəzərdə tutulmuş qayda məhkəmə qərardadlarına (məhkəmənin qərardad formasında olan yekun qərarı istisna olmaqla) qarşı verilmiş şikayətlərə şamil olunmur.
96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.
96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.
96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur.
96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
Maddə 97. Kassasiya şikayətinin geri götürülməsi
97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər.
97.2. Şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir.
97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.
97.4. Şikayətin geri götürüldüyü hallarda, prosessual xərclər haqqında Ali Məhkəmə tərəfindən qərardad qəbul edilir.
Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı
98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
98.2. Müəyyən hüquqi mübahisəyə baxılarkən, Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasının müvafiq məhkəmə tərkibinin həmin kollegiyanın digər məhkəmə tərkibinin qərarından fərqli qərar qəbul etmək istədiyi hallarda, birgə Palata yaradılır.
98.3. İşə baxan müvafiq məhkəmə tərkibi mübahisəli hüquqi məsələni baxılması və həll olunması üçün Palataya göndərir. Bu barədə təqdimat yazılı formada olmalıdır.
98.4. Palatanın qərarı qərardad formasında qəbul edilir və Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasının bütün məhkəmə tərkibləri üçün məcburidir.
98.5. Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasının məhkəmə tərkibi, Palatanın qərarından fərqli qərar qəbul etmək istədiyi hallarda, hüquqi mübahisə ilə bağlı iş həll olunması üçün təkrar Palataya göndərilməlidir.
98.6. Palata Ali Məhkəmənin sədrindən, Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasının sədrindən, həmin kollegiyanın hakimlərindən ibarət tərkibdə təşkil olunur. Ali Məhkəmənin sədri Palataya sədrlik edir. Ali Məhkəmənin sədrinin Palatanın iclasında şəxsən iştirak edə bilmədiyi hallarda Palataya sədrliyi onun müavini həyata keçirir. Səslərin bərabər olduğu hallarda, sədrlik edənin səsi həlledici sayılır.
Maddə 99. Kassasiya şikayətinə yol verilməməsi
99.1. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
99.2. Məhkəmənin aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilməz:
99.2.1. məhkəmə prosesinin aparılması haqqında məhkəmə qərardadlarının (sərəncamlarının);
99.2.2. məhkəmə iclasının vaxtının dəyişdirilməsi, təxirə salınması və ya məhkəmə iclasının vaxtı ilə bağlı müəyyən müddətin təyin olunması haqqında məhkəmə qərardadlarının;
99.2.3. sübutlar haqqında və ya sübutların cəlb olunması barədə vəsatətlərin rədd edilməsi haqqında məhkəmə qərardadlarının;
99.2.4. müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarının;
99.2.5. məhkəmə üzvlərinə etirazlar ilə bağlı məhkəmə qərardadlarının;
99.2.6. bu Məcəllə ilə müəyyən edilmiş digər hallarda.
XII fəsil
YENİ AÇILMIŞ HALLAR ÜZRƏ İCRAAT
Maddə 100. Mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar
Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.
Maddə 101. Məhkəmə aidiyyəti
Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır.
Maddə 102. Yeni açılmış hallar üzrə icraatın iştirakçıları
Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar.
Maddə 103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət
103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər.
103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər.
103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir.
Maddə 104. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin məzmunu
104.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə aşağıdakılar göstərilməlidir:
104.1.1. mübahisə edilən məhkəmə qərarı haqqında məlumat;
104.1.2. icraatın təzələnməsi üçün əsaslar;
104.1.3. məhkəmə qərarının mübahisə edilən hissəsi və ya həcmi barədə məlumat;
104.1.4. ərizənin bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə verildiyini təsdiq edən sübutetmə vasitələri haqqında məlumat.
104.2. Ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur.
Maddə 105. Məhkəmə qərarının icrasının yalnız ərizə (vəsatət) əsasında dayandırılması
105.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi məhkəmə qərarının icrasını dayandırmır. Lakin vəsatət əsasında məhkəmə qərarın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. 105.2. Məhkəmə qərarının icrasının dayandırılması ilə bağlı ərizəyə (vəsatətə) baxılarkən bu Məcəllənin 41-ci maddəsində nəzərdə tutulmuş müvafiq qaydalar tətbiq olunur.
Maddə 106. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü
106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır.
106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir.
106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.
Maddə 107. Yeni açılmış hallar üzrə icraat
107.1. Müvafiq səlahiyyətli məhkəmə ilkin icraat üzrə araşdırmanı davam etdirir. İlkin məhkəmə qərarının qəbul edildiyi zaman istinad edilmiş faktiki hallar yeni sübutlar əsasında məhkəmə tərəfindən araşdırılır və ilkin ərizə üzrə yeni qərar qəbul edilir.
107.2. Mübahisə ilə bağlı iş üzrə məhkəmənin yeni qərarı ilkin qərarı əvəz edir. Məhkəmə həmin qərarda yeni açılmış hallar üzrə icraatla əlaqədar prosessual xərclər haqqında məsələni də həll edir.
XIII fəsil
PROSESSUAL XƏRCLƏR
Maddə 108. Prosessual xərclər
108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.
108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
108.3. Mübahisə ilə bağlı işə şikayət üzrə şikayət instansiyasında baxılmışdırsa, rüsumların, vəkilin və ya nümayəndənin haqqının ödənilməsinə, müvafiq səlahiyyətli şəxsin cəlb olunmasının məhkəmə tərəfindən zəruri sayıldığı hallarda yol verilir.
108.4. Prosesə cəlb edilmiş üçüncü şəxslərin zəruri xərclərinin ödənilməsinə, məhkəmənin ədalət mövqeyindən çıxış edərək həmin xərcləri xeyrinə qərar qəbul edilməyən tərəfin və ya dövlət büdcəsinin üzərinə qoyduğu hallarda yol verilir.
Maddə 109. Prosessual xərclərin ödənilməsi
Prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir.
Maddə 110. Prosessual xərcləri ödəmək vəzifəsi
110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
110.2. Sosial təminat mübahisələri ilə bağlı işlər üzrə (əmək pensiyasının, sosial müavinətin təyin olunması və s.) dövlət orqanının xeyrinə qərar qəbul edildiyi hallarda, bu Məcəllənin 110.1-ci maddəsi tətbiq olunmur.
110.3. İddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur.
110.4. Yalnız üçüncü şəxs qismində icraata cəlb olunması barədə ərizə verdiyi və ya hər hansı qərardan şikayət verdiyi, yaxud prosessual xərclər həmin şəxsin təqsiri üzündən meydana gəldiyi hallarda, məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxsin üzərinə prosessual xərcləri ödəmək vəzifəsi qoyula bilər.
110.5. Yeni açılmış hallar üzrə icraatla bağlı prosessual xərclər, həmin xərclərin proses iştirakçılarından birinin təqsiri üzündən meydana gəldiyi hallar istisna olmaqla, dövlət büdcəsinin və ya yerli büdcənin vəsaiti hesabına ödənilir.
110.6. Tərəflərin müştərək bəyanatına əsasən icraata xitam verildiyi hallarda məhkəmə tərəfindən xərclər barədə qərardad qəbul edilir. Bu zaman xərclər məhkəmə prosesini udma ehtimalına mütənasib olaraq bölüşdürülür.
Maddə 111. Prosessual xərclərin bölüşdürülməsi
111.1. Proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir.
111.2. Proses iştirakçısının mübahisəni əhəmiyyətsiz hissədə uduzduğu hallarda, prosessual xərcləri tam şəkildə ödəmək vəzifəsi qarşı tərəfin üzərinə qoyula bilər.
111.3. Şəxsin ərizədən, iddiadan və ya şikayətdən imtina etdiyi hallarda, prosessual xərclərin ödənilməsi vəzifəsi həmin şəxsin üzərinə qoyulur.
111.4. İlkin hüquqi vəziyyətin bərpa olunması haqqında ərizə ilə əlaqədar prosessual xərclər ərizəçi tərəfindən ödənilir.
111.5. Proses iştirakçılarından hər hansı birinin təqsiri üzündən meydana gəlmiş prosessual xərcləri ödəmək vəzifəsi, həmin iştirakçının üzərinə qoyula bilər.
Maddə 112. İddianın dərhal qəbul edilməsi ilə əlaqədar prosessual xərclər
Cavabdeh öz hərəkətləri ilə iddianın qaldırılması üçün əsas vermədiyi və iddiaçının hüquqi tələbini dərhal qəbul etdiyi hallarda, bütün prosessual xərclər iddiaçı tərəfindən ödənilir.
Maddə 113. Barışıq sazişinin bağlandığı hallarda prosessual xərclərin bölüşdürülməsi
İnzibati mübahisənin məhkəmədə barışıq sazişinin bağlanması yolu ilə nizama salındığı və onun iştirakçıları arasında xərclərin bölüşdürülməsi barədə digər razılığın olmadığı hallarda, barışıq sazişinin tərəfləri məhkəmə xərclərini bərabər şəkildə ödəyirlər. Zəruri xərclər hər bir iştirakçı tərəfindən müstəqil şəkildə ödənilir.
Maddə 114. Prosessual xərclərin bir neçə şəxs tərəfindən ödənilməsi qaydası
114.1. Xeyrinə qərar qəbul edilməyən tərəf (prosessual xərcləri ödəməli olan tərəf) bir neçə şəxsdən ibarət olduğu hallarda, həmin şəxslər, onlardan hər birinə düşən pay həcmində prosessual xərcləri ödəyirlər.
114.2. Mübahisədə iştirakın dərəcəsi baxımından mühüm fərqlərin olduğu hallarda, məhkəmə şəxsin prosesdə iştirak dərəcəsini nəzərə almaqla prosessual xərcləri bölüşdürməyə haqlıdır.
114.3. Prosessual həmiştirakçılardan biri, tələbin təmin olunması ilə bağlı və ya tələbə qarşı müdafiə ilə bağlı xüsusi vasitələrdən istifadə etdiyi hallarda, digər prosessual həmiştirakçılar bununla əlaqədar yaranan prosessual xərcləri ödəməyə borclu deyildirlər.
114.4. Mübahisə ilə bağlı iş üzrə prosessual xərcləri ödəməli olan tərəfə münasibətdə yalnız vahid qərarın qəbul edilə biləcəyi hallarda, həmin xərcləri ödəmək vəzifəsi birgə borclular kimi bir neçə şəxsin (prosessual həmiştirakçıların) üzərinə qoyula bilər.
Maddə 115. Prosessual xərclərə dair məhkəmə qərarının mübahisələndirilməsinin yolverilməzliyi
115.1. Mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir.
115.2. Mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul edilmədiyi hallarda, prosessual xərclərə dair qərardadın mübahisələndirilməsinə yol verilmir.
XIV fəsil
MƏHKƏMƏ QƏRARLARININ İCRASI
Maddə 116. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin normalarının tətbiqi
116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcrahaqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur.[17]
116.2. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir.
Maddə 117. İcra sənədi
117.1. İcra aşağıdakı sənədlər əsasında həyata keçirilir:
117.1.1. qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında;
117.1.2. müvəqqəti xarakterli müdafiəyə dair məhkəmə qərardadı əsasında;
117.1.3 məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişi əsasında;
117.1.4. prosessual xərclərin müəyyən edilməsi haqqında məhkəmə qərardadı əsasında.
117.2. Məhkəmə qərarının icrası ilə bağlı proses iştirakçılarına, onların ərizəsinə əsasən, təsviri və əsaslandırma hissəsi olmadan məhkəmə qərarının surəti verilə bilər. Belə qərar hüquqi qüvvəsinə görə tam formada təqdim olunmuş məhkəmə qərarına bərabər sayılır.
Maddə 118. Dövlətin və ya bələdiyyələrin xeyrinə icra
118.1. İcranın dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə həyata keçirilməli olduğu hallarda məhkəmə qərarının icrası ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun VIII fəslində nəzərdə tutulmuş qaydalar tətbiq olunur.
118.2. İcranın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununda nəzərdə tutulmuş qaydada həyata keçirildiyi hallarda, birinci instansiya məhkəməsində mübahisə ilə bağlı işə baxan hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim icra orqanı sayılır.
118.3. Hakim icranın və ya ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə, icra orqanı qismində müvafiq inzibati orqanı və ya məhkəmə icraçısını cəlb edə bilər.
118.4. İcra ilə bağlı borcluya tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri yalnız hakim tərəfindən müəyyən edilir.
118.5. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir.
Maddə 119. Dövlətə və ya bələdiyyələrə qarşı pul tələblərinin icra edilməsi
119.1. Dövlətə, bələdiyyələrə və ya ümumi hüququn başqa subyektlərinə qarşı pul tələbinin icra edilməli olduğu hallarda, tələbkarın ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə birinci instansiya məhkəməsi icra haqqında qərardad qəbul edir. Məhkəmə qərardadda icra tədbirlərini müəyyən edir və həmin tədbirlərin həyata keçirilməsini səlahiyyətli orqana tapşırır. Səlahiyyətli orqan həmin tapşırığı (icra tədbirlərini) məhkəmə qərarlarının icrası ilə bağlı qüvvədə olan qanunvericiliyə uyğun olaraq yerinə yetirməyə borcludur.
119.2. İcra haqqında qərardad (sərəncam) qəbul etməzdən əvvəl, məhkəmə müvafiq dövlət orqanına, bələdiyyə orqanına və ya ümumi hüququn başqa subyektinə məcburi icra haqqında yazılı şəkildə xəbərdarlıq edir və icranın həyata keçirilməsi üçün müddət müəyyən edir. Bu müddət 15 gündən çox ola bilməz.
119.3. Ümumi vəzifələrin (dövlət vəzifələrinin və ya ictimai vəzifələrin) yerinə yetirilməsi üçün zəruri olan və ya özgəninkiləşdirilməsi ümumi maraqlara (mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyalara münasibətdə icraya yol verilmir. Şikayətin verildiyi hallarda, məhkəmə müvafiq nəzarət orqanının və ya yuxarı inzibati orqanın rəhbərinin, yaxud onların səlahiyyətləndirdiyi nümayəndənin rəyini dinlədikdən sonra qərar qəbul edir.
119.4. Müvəqqəti xarakterli müdafiə barədə qərardadın icra edilməli olduğu hallarda, icra haqqında xəbərdarlıq edilməsi və bununla bağlı müddətin müəyyən olunması tələb edilmir.
Maddə 120. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi
120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir.
120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir.
120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər.
Maddə 121. İcranın mübahisələndirilməsi
121.1. Barəsində icranın həyata keçirildiyi şəxs, mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra da icra ilə əlaqədar ona qarşı məcburi icra tədbirlərinin müəyyən olunması haqqında məhkəmə qərardadını mübahisələndirilə bilər. 121.2. Mübahisəyə müvafiq apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılır və bu barədə qərardad qəbul edilir. Şikayət təmin edilmədikdə və ya qismən təmin edildikdə, bu barədə məhkəmə qərardadı Ali Məhkəmədə mübahisələndirilə bilər. 121.3. Mübahisəyə Ali Məhkəmə tərəfindən yazılı icraat qaydasında baxılır və bu barədə qərardad qəbul edilir. Ali Məhkəmənin qərardadı qətidir.
121.4. İcranın mübahisələndirməsi ilə bağlı bu Məcəllənin 81-ci, 85-ci, 87-ci, 88-ci, 90-cı, 94-cü, 96-cı, 97-ci və 99-cu maddələri müvafiq qaydada tətbiq olunur.
XV fəsil
NORMATİV XARAKTERLİ AKTLARIN QANUNAUYĞUNLUĞUNUN MÜBAHİSƏLƏNDİRİLMƏSİNƏ DAİR İDDİALAR ÜZRƏ İCRAAT
Maddə 122. Normativ xarakterli aktların qanunauyğunluğunun mübahisələndirilməsinə dair iddia
122.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ xarakterli aktlar istisna olmaqla, dövlət və bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına və onların etibarsız (qüvvədən düşmüş) hesab edilməsinə dair iddia qaldırıla bilər.
122.2. İddia normativ xarakterli aktın qəbul edilməsi və ya tətbiq olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu və ya yaxın gələcəkdə pozulacağını əsaslandıra bilən fiziki və ya hüquqi şəxs tərəfindən, habelə aidiyyətinə toxunulan digər orqanlar tərəfindən qaldırıla bilər.
122.3. İddia ərizəsi bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq müvafiq apellyasiya instansiyası məhkəməsinə verilir.
122.4. İddia ərizəsinin məzmunu ilə bağlı bu Məcəllənin 46-cı maddəsinin müddəaları tətbiq olunur.
122.5. İddia həmin normativ xarakterli aktı qəbul etmiş dövlət və ya bələdiyyə orqanına qarşı qaldırılır.
122.6. Məhkəmə mübahisələndirilən normativ xarakterli aktla aidiyyətinə toxunulan digər dövlət və ya bələdiyyə orqanına həmin aktla bağlı öz mövqeyini bildirmək imkanını təmin etməlidir. Bu məqsədlə məhkəmə tərəfindən müddət müəyyən olunur.
122.7. Normativ xarakterli aktların qanunauyğunluğunun mübahisələndirilməsinə dair iddialar üzrə inzibati məhkəmə icraatı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar əsasında həyata keçirilir.
122.8. Normativ xarakterli aktın etibarlılığının Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən baxılan konkret hüquq normasının qanunauyğun sayılmasından asılı olduğu hallarda, məhkəmə tərəfindən işə baxılması Azərbaycan Respublikasının Konstitusiya məhkəməsində icraat başa çatanadək dayandırılır.
Maddə 123. Normativ xarakterli aktların mübahisələndirilməsinə dair iddia üzrə məhkəmə qərarı
123.1. Məhkəmə şifahi məhkəmə baxışı əsasında qərar qəbul edir.
123.2. İddia əsaslı hesab edildiyi, yəni normativ xarakterli akt Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanununa zidd olduğu hallarda, həmin akt qəbul edildiyi gündən bütövlükdə və ya qismən etibarsız sayılır.
123.3. Normativ xarakterli aktın etibarsız sayılması barədə məhkəmənin qərarı ümumi-məcburi qüvvəyə malikdir. Məhkəmə qərarının nəticəvi hissəsi cavabdeh tərəfindən normativ xarakterli aktın dərc olunduğu qaydada dərc edilməlidir.
123.4. Normativ xarakterli aktın etibarsız sayılması qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının və barəsində şikayət verilə bilməyən inzibati aktların etibarsız sayılmasına səbəb olmur. Normativ xarakterli aktın etibarsız sayılması bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatın təzələnməsinə səbəb ola bilməz (icraatın təzələnməsi üçün əsas kimi təfsir oluna bilməz).
123.5. Normativ xarakterli aktların mübahisələndirilməsinə dair iddia ərizəsinin təmin edilməməsi barədə məhkəmə qərarı müstəsna olaraq proses iştirakçılarına münasibətdə hüquqi qüvvəyə malikdir.
123.6. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində həmin qərardan Ali Məhkəməyə şikayət verilə bilər.
Maddə 124. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi
Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsində nəzərdə tutulmuş və mübahisə ilə bağlı işin həlli üçün əhəmiyyət kəsb edən normativ hüquqi aktlardan hər hansı birinin Azərbaycan Respublikasının Konstitusiyasına zidd olduğunu güman etdiyi hallarda iş üzrə icraat dayandırılmalı və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinə müvafiq olaraq həmin aktın Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğu barədə Azərbaycan Respublikasının Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərilməlidir.
XVI fəsil
SİYASİ PARTİYALARLA BAĞLI MÜBAHİSƏLƏRƏ DAİR İŞLƏR ÜZRƏ İCRAAT
Maddə 125. Siyasi partiyaların dövlət qeydiyyatı ilə bağlı işlər üzrə icraat
125.1. Siyasi partiyaların dövlət qeydiyyatı ilə bağlı mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır.
125.2. İddia ərizəsi siyasi partiyanın, siyasi partiyanın nizamnaməsinə və ya adına edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınmasından imtinaya qarşı müvafiq siyasi partiya tərəfindən verilə bilər.[18]
125.3. İddia ərizəsi dövlət qeydiyyatına alınmasından imtina barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada maraqlı tərəfə məlumat verildiyi vaxtdan 10 gün müddətində verilməlidir.
125.4. Məhkəmə tərəfindən iddia ərizəsinə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir.
125.5. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər.
Maddə 126. Siyasi partiyaların ləğv edilməsi ilə bağlı işlər üzrə icraat
126.1. Siyasi partiyaların ləğv edilməsi ilə bağlı mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır.
126.2. Siyasi partiyanın ləğv edilməsi barədə ərizə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilə bilər. Bu halda siyasi partiya cavabdeh qismində icraata cəlb olunur.
126.3. Bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş halda, məhkəmə ərizəçinin vəsatətinə əsasən siyasi partiyanın fəaliyyətini dayandırmağa haqlıdır. Məhkəmə tərəfindən bu barədə qərardad qəbul edilir.[19]
126.4. Məhkəmə tərəfindən ərizəyə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir.
126.5. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər.
XVII fəsil
KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ İLƏ BAĞLI MÜBAHİSƏLƏRƏ DAİR İŞLƏR ÜZRƏ İCRAAT
Maddə 127. Teleradio yayımına xüsusi razılığın (lisenziyanın) verilməsi ilə bağlı mübahisələrə dair işlər üzrə icraat
127.1. Teleradio yayımına xüsusi razılığın (lisenziyanın) verilməsindən və ya xüsusi razılığın (lisenziyanın) müddətinin uzadılmasından imtina olunması ilə bağlı mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır.
127.2. Teleradio yayımına xüsusi razılığın (lisenziyanın) verilməsindən və ya xüsusi razılığın (lisenziyanın) müddətinin uzadılmasından imtina olunması haqqında qərara (inzibati akta) qarşı iddia ərizəsi teleradio yayımını həyata keçirmək iddiasında olan şəxs tərəfindən verilə bilər.
127.3. İddia ərizəsi imtina haqqında qərar (inzibati akt) barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada maraqlı tərəfə məlumat verildiyi vaxtdan 30 gün müddətində verilə bilər.
127.4. Məhkəmə tərəfindən iddia ərizəsinə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir.
127.5. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər.
Maddə 128. Kütləvi informasiya vasitələrinin istehsalına və yayımına xitam verilməsi və ya fəaliyyətinin dayandırılması ilə bağlı mübahisələrə dair işlər üzrə icraat
128.1. Kütləvi informasiya vasitələrinin istehsalına və yayımına xitam verilməsi və ya fəaliyyətinin dayandırılması ilə bağlı mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır.
128.2. Kütləvi informasiya vasitələrinin istehsalına və yayımına xitam verilməsi və ya fəaliyyətinin dayandırılması barədə ərizə müvafiq inzibati orqan tərəfindən verilə bilər. Bu halda müvafiq kütləvi informasiya vasitəsi cavabdeh qismində məhkəmə icraatına cəlb olunur.
128.3. Məhkəmə tərəfindən ərizəyə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir.
128.4. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər.
Maddə 129 Apellyasiya instansiyası məhkəmələri tərəfindən mübahisələrə birinci instansiya üzrə baxılması zamanı qüvvədə olan prosessual qaydalar[20]
Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə birinci instansiya üzrə baxılması zamanı bu Məcəllənin XV-XVII fəsillərində başqa qaydanın nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur.
XVIII FƏSİL[21]
SEÇKİ (REFERENDUMDA İŞTİRAK) HÜQUQLARININ MÜDAFİƏSİ İLƏ BAĞLI İŞLƏR ÜZRƏ İCRAAT
Maddə 130. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraatın xüsusiyyətləri
130.1 Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir.
130.2. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir.
130.3. Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur.
130.4. İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır.
130.5. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2011-ci il, № 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 485)
2. 17 may 2011-ci il tarixli 122-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 iyul 2011-ci il, № 143; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 7, maddə 593)
3. 20 aprel 2012-ci il tarixli 328-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, № 103; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 5, maddə 410)
4. 11 dekabr 2012-ci il tarixli 497-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 yanvar 2013-cü il, № 12; “Azərbaycan” qəzeti, 22 yanvar 2013-cü il, № 14; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 01, maddə 16)
5. 30 sentyabr 2013-cü il tarixli 748-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 noyabr 2013-cü il, № 253)
6. 18 dekabr 2015-ci il tarixli 45-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 yanvar 2016-cı il, № 20)
[1] 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2011-ci il, № 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 485)ilə 2.1-ci maddədə “inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları” sözləri “inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar” sözləri ilə əvəz edilmişdir.
[2] 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2011-ci il, № 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 485)ilə 3-cü maddənin adında və 3.5-ci maddədə “İnzibati və iqtisadi mübahisələrə dair işlər üzrə” sözləri “İnzibati-iqtisadi” sözləri ilə əvəz edilmişdir.
[3] 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2011-ci il, № 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 485)ilə 3.1-ci və 3.8-ci maddələrdə “inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə” sözləri “inzibati-iqtisadi” sözləri ilə əvəz edilmişdir.
[4] 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2011-ci il, № 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 485)ilə 3.2-ci maddədə “inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə” sözləri “inzibati-iqtisadi” sözləri ilə əvəz edilmişdir və həmin maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
20 aprel 2012-ci il tarixli 328-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, № 103; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 5, maddə 410) ilə 3.2-ci maddədə (hər iki halda) “XVII” rəqəmindən sonra “, XVIII” rəqəmi əlavə edilmişdir.
] 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2011-ci il, № 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 485)ilə 3.3-cü, 3.4-cü və 3.6-cı maddələrdə “inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə” sözləri “inzibati-iqtisadi” sözləri ilə əvəz edilmişdir.
[6] 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2011-ci il, № 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 485)ilə 5-ci maddənin adında və mətnində “İnzibati və iqtisadi mübahisələrə dair işlər üzrə” sözləri “İnzibati-iqtisadi” sözləri ilə əvəz edilmişdir.
[5[7] 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2011-ci il, № 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 485)ilə 6-cı maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 6. İnzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələrdə və ya məhkəmə kollegiyalarında iş bölgüsü planı
6.1. Ali Məhkəmənin plenumu, apellyasiya instansiyası məhkəmələrinin rəyasət heyəti, inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələrin sədrləri müvafiq məhkəmə kollegiyasının və ya məhkəmənin hakimləri sırasından inzibati mübahisələrə dair işlərə baxan hakimləri müəyyən edir və ya məhkəmə tərkiblərini təşkil edir.
6.2. Hakimin və ya məhkəmə tərkibinə daxil olan hakimlərdən hər hansı birinin müvəqqəti olmadığı hallarda onun digər hakimlə əvəz edilməsi üçün ehtiyat hakim məsələsi bu Məcəllənin 6.1-ci maddəsində nəzərdə tutulmuş qaydada əvvəlcədən həll olunur.
6.3. Birdən artıq hakimin müəyyən edildiyi və ya məhkəmə tərkibinin yaradıldığı halda, Ali Məhkəmənin plenumu, apellyasiya instansiyası məhkəmələrinin rəyasət heyəti, inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələrin sədrləri tərəfindən həmin hakimlər və ya məhkəmə tərkibləri arasında inzibati mübahisələrə dair işlərin bölüşdürülməsinin ümumi meyarları işlənib hazırlanır və bu meyarlar əsasında iş bölgüsü planı tərtib olunur.
6.4. Müxtəlif hakimlərin və ya məhkəmə tərkiblərinin icraatında bir-biri ilə predmet əlaqəsində olan inzibati iddialar və ya ərizələr olduğu hallarda, bütün iddialar və ya ərizələr iş bölgüsü planına müvafiq olaraq daha əvvəl işə baxmağa başlamış hakimə və ya məhkəmə tərkibinə verilir.
6.5. Hər növbəti təqvim ili üçün iş bölgüsü planı iş ilinin sonuncu ayının 20-dən gec olmayaraq tərtib olunur. İş bölgüsü planı tərtib olunduğu vaxtdan 3 gün ərzində müvafiq məhkəmənin və ya məhkəmə kollegiyasının hakimlərinə təqdim edilməli və tanış olmaq üçün məhkəmə binasının elanlar lövhəsində asılmalıdır.
6.6. İş bölgüsü planının dəyişdirilməsinə yalnız inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmənin və ya məhkəmə kollegiyasının fəaliyyətinin pozulduğu hallarda yol verilir.
[8] 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2011-ci il, № 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 485)ilə yeni məzmunda 8.1.3-1-ci maddə əlavə edilmişdir.
30 sentyabr 2013-cü il tarixli 748-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 noyabr 2013-cü il, № 253) ilə 8.1.3-1-ci maddəsində “bayrağı” sözündən əvvəl “Dövlət” sözü əlavə edilmişdir.
18 dekabr 2015-ci il tarixli 45-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 yanvar 2016-cı il, № 20) ilə 8.1.3-1-ci maddəsində “qeydiyyatda olduğu limanın” sözləri “qeydiyyat limanının” sözləri ilə əvəz edilmişdir.
[9] 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2011-ci il, № 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 485)ilə 8.6-cı maddənin birinci cümləsində “İnzibati və iqtisadi mübahisələrə dair işlər üzrə” sözləri “İnzibati-iqtisadi” sözləri ilə, birinci və ikinci cümləsində “inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə” sözləri “inzibati-iqtisadi” sözləri ilə əvəz edilmişdir.
[10] 17 may 2011-ci il tarixli 122-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 iyul 2011-ci il, № 143; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 7, maddə 593) ilə 79.2-ci maddənin “Məhkəmə qərarlarının icrası” sözləri “İcra” sözü ilə əvəz edilmişdir.
10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2011-ci il, № 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 485)ilə 81.1-ci maddənin birinci cümləsində “İnzibati və iqtisadi mübahisələrə dair işlər üzrə” sözləri “İnzibati-iqtisadi” sözləri ilə, ikinci cümləsində “inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə” sözləri“inzibati-iqtisadi” sözləri ilə əvəz edilmişdir.
[12] 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2011-ci il, № 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 485)ilə 81.3-cü və 90.3-cü maddələrdə “şikayətin verilməsinin formasına və məzmununa dair tələblər, müvafiq prosessual qaydalar” sözləri “müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər” sözləri ilə əvəz edilmişdir.
[13] 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2011-ci il, № 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 485) ilə 83.1-ci, 85.1-ci, 86.1-ci, 87.7.1-ci, 87.7.2-ci və 98.5-ci maddələrdə “inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə” sözləri “inzibati-iqtisadi” sözləri ilə əvəz edilmişdir.
[14] 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2011-ci il, № 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 485) ilə 86.3-cü maddədə “İnzibati və iqtisadi mübahisələrə dair işlər üzrə” sözləri “İnzibati-iqtisadi” sözləri ilə əvəz edilmişdir.
[15] 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2011-ci il, № 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 485) ilə 87.7-ci maddənin ikinci cümləsində “inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə müvafiq” sözləri “müvafiq inzibati-iqtisadi” sözləri ilə əvəz edilmişdir.
[16] 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2011-ci il, № 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 485)ilə 90.1-ci, 98.2-ci, 98.4-cü maddələrdə və 98.6-cı maddənin birinci cümləsində “inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə” sözləri “inzibati-iqtisadi” sözləri ilə əvəz edilmişdir.
[17] 17 may 2011-ci il tarixli 122-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 iyul 2011-ci il, № 143; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 7, maddə 593) ilə 116.1-ci maddənin “Məhkəmə qərarlarının icrası” sözləri “İcra” sözü ilə əvəz edilmişdir.
[18] 11 dekabr 2012-ci il tarixli 497-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 yanvar 2013-cü il, № 12; “Azərbaycan” qəzeti, 22 yanvar 2013-cü il, № 14; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 01, maddə 16) ilə 125.2-ci maddədə “və ya siyasi partiyanın nizamnaməsinə” sözləri “, siyasi partiyanın nizamnaməsinə və ya adına” sözləri ilə əvəz edilmişdir.
[19] 11 dekabr 2012-ci il tarixli 497-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 yanvar 2013-cü il, № 12; “Azərbaycan” qəzeti, 22 yanvar 2013-cü il, № 14; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 01, maddə 16) ilə 126.3-cü maddədə “126.3-cü” sözləri “126.2-ci” sözləri ilə əvəz edilmişdir.
[20] 10 iyun 2011-ci il tarixli 152-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2011-ci il, № 139; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 485) ilə 129-cu maddə çıxarılmışdır.
[21] 20 aprel 2012-ci il tarixli 328-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, № 103; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 5, maddə 410)ilə XVIII fəsil əlavə edilmişdir.