FƏSİL 16
Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın xüsusiyyətləri[5]
Maddə 120. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın ümumi qaydası
Bu Məcəllənin 327 - 348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır.
Maddə 121. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqana çağırılmasının yolverilməzliyi
Bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır.
Maddə 122. İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası
122.1. Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 346.3, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati xəta haqqında elektron protokol tərtib olunur və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. İnzibati xəta haqqında elektron protokol tərtib edildikdən dərhal sonra, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir.[6]
122.2. İnzibati xəta haqqında elektron protokol müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə müqaviləsi və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi) barəsində tərtib edilir.
122.3. İnzibati xəta haqqında elektron protokolda bu Məcəllənin 100.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir:
122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə);
122.3.2. inzibati xəta haqqında elektron protokolla əlaqədar vəsatət verilməsi qaydası;
122.3.3. inzibati cərimənin məbləği və ödənilməsi qaydası.
122.4. İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1 - 327.3 və 330-cu maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək saxlanılmalıdır.
122.5. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron protokol tərtib olunur.
122.6. Barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs protokolda qeyd olunan cəriməni ödədikdə protokolla razılaşmış olur və həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında qərar hesab edilir.
122.7. Barəsində bu Məcəllənin 122.1-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən protokolla razılaşmadığı hallarda səlahiyyətli orqana vəsatətlə müraciət edə bilər. Vəsatət inzibati xəta haqqında protokol barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumat verildiyi vaxtdan 10 gün müddətində şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Vəsatət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını vəsatətdə göstərə bilər. Vəsatətdə göstərilən məlumatlar təsdiq olunarsa, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs haqqında olan iş üzrə icraata xitam verilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür.
122.8. Barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan 10 gün müddətində vəsatət vermədikdə, həmin protokol inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edilir və həmin vaxtdan 10 gün müddətində həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada şikayət verilə bilər.
Maddə 123. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən və hüquqi şəxsə məxsus nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən törədilən inzibati xəta haqqında iş üzrə icraatın aparılması qaydası
123.1. Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir.
123.2. Hüquqi şəxs sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati xəta haqqında protokol tərtib edir. İnzibati xəta haqqında protokol həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin protokol barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
123.3. Bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir.
Maddə 124. İnzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydası
124.1. İnzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu gün mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır.
124.2. İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır.
124.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir.
124.4. İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
124.5. Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında deyilsə, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati xəta haqqında protokol tərtib edilir və nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılır. Bu halda inzibati xəta haqqında protokolda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. Protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin protokol barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
124.6. Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və nəqliyyat vasitəsinin mühafizə edilən duracağa aparılması mümkün olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati xəta haqqında protokol tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin protokolun surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. Protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin protokol barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir.
Maddə 125. İnzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə məlumatlandırma
125.1. Müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir.
125.2. İnzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır:
125.2.1. müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında elektron protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir;
125.2.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir;
125.2.3. inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir.
125.3. Nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2.1 – 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir.
125.4. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə tərtib edilmiş inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərarın bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə göndərilir.
125.5. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsi sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə, onları 3 gün müddətində yeniləməlidirlər. Müvafiq icra hakimiyyəti orqanı məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların olmasını təmin etməlidir.
125.6. Müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə daxil edilmiş, bu Məcəllənin 125.4 və 125.5-ci maddələrində nəzərdə tutulmuş məlumatlar müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə də göndərilir.
125.7. Elektron kabinetdə şəxsə aid, qüvvədə olan (icra olunmamış, ödənilməmiş) inzibati xəta haqqında iş üzrə qərar və ya yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokol yoxdursa, o, həmin tarixə bu barədə çap və ya elektron formada çıxarış əldə edə bilər.
125.8. İnzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar elektron kabinetdə yerləşdirilməyənədək onun icra olunması (o cümlədən cərimə növündə inzibati tənbeh tədbirinin ödənilməsi, dəbbə pulunun hesablanması) tələb edilə bilməz, həmin səbəbdən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilə bilməz, nəqliyyat vasitəsi saxlanılaraq duracağa gətirilə bilməz.
Maddə 126. İnzibati xəta haqqında iş üzrə qərardan şikayətə baxılma qaydası
126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı və ya inzibati xəta haqqında protokol bu Məcəllənin 122.6 və 122.8-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edildiyi vaxtdan 10 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər.
126.2. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir.
126.3. Bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
Maddə 127. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi ilə əlaqədar xətalar üzrə icraatın aparılması qaydası
Bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir.
Maddə 127-1. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə əlaqədar inzibati xəta hadisəsi elektron tərəzilər və foto və ya videoqeydiyyat funksiyalarına malik texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası
127-1.1. Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında elektron protokol hərəkətdə olan nəqliyyat vasitəsinin çəki və kütlə parametrlərini ölçən və yol örtüyünün altında yerləşən xüsusi texniki vasitələrin (elektron tərəzilərin) məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilir. Bütün elektron tərəzilər müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir.
127-1.2. Elektron protokol çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması ilə əlaqədar xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə elektron qaydada dərhalmüvafiq icra hakimiyyəti orqanının ən yaxın nəzarət məntəqəsinə göndərilir.
127-1.3. Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən nəzarət məntəqəsində saxlanılır və elektron protokolun və xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri nəqliyyat vasitəsini idarə edən şəxsə təqdim olunur.
127-1.4. Saxlanılmış nəqliyyat vasitəsinin çəki və kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə ölçülür və məlumatlar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür.
127-1.5. Hərəkətin davam etdirilməsi üçün yükgöndərən (daşıyıcı) tərəfindən nəqliyyat vasitəsindən normadan artıq yükün boşaldılması və yükün digər nəqliyyat vasitəsilə daşınması təmin edilməlidir.
127-1.6. Nəqliyyat vasitəsində olan normadan artıq yükün boşaldılması və digər nəqliyyat vasitəsilə daşınması təmin edildikdən sonra, saxlanılmış nəqliyyat vasitəsinin çəki və kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə ölçülərək göstəricilər real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür.
127-1.7. Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş nəqliyyat vasitəsini idarə edən şəxs inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) və nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqqı həmin yerdə bank və ya ödəmə terminalı vasitəsilə ödəyə bilər. Bu halda saxlanılmış nəqliyyat vasitəsi onu idarə edən şəxsə dərhal qaytarılır.
127-1.8. Müvafiq icra hakimiyyəti orqan inzibati cəriməni və nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqqı nəzarət məntəqəsində bank və ya ödəmə terminalı vasitəsilə ödəmək üçün şərait yaratmalıdır.
127-1.9. Saxlanılmış nəqliyyat vasitəsi nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə bu Məcəllənin 127-1.4-cü maddəsinə uyğun olaraq ölçülən zaman nəqliyyat vasitəsinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmamaqla yüklənməsi müəyyən edildikdə, saxlanılmış nəqliyyat vasitəsi hərəkətin davam etdirilməsi üçün dərhal onu idarə edən şəxsə qaytarılır.[7]