"Be faithful to that which exists within yourself."
Andre Gide

FƏSİL 19

 

İnzibati tənbehin ayrı-ayrı növlərinin icrası qaydası

 

Maddə 149. Xəbərdarlıq haqqında qərarın icrası

 

Xəbərdarlıq növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar onu qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu Məcəllənin 117-ci maddəsində nəzərdə tutulmuş qaydada qərarın surətinin göndərilməsi və ya təqdim edilməsi yolu ilə icra olunur.

 

Maddə 150. İnzibati cərimənin tətbiqi haqqında qərarın icrası

 

150.1. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir.

150.2. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən on gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir.

150.3. Yetkinlik yaşına çatmayanın müstəqil qazancı olmadıqda, inzibati cərimə onun valideynlərindən və ya digər qanuni nümayəndəsindən tutulur.

150.4. İnzibati cərimə inzibati xəta törətmiş şəxs tərəfindən yalnız bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilir. Cərimənin ödənilməsi qaydası barədə müvafiq məlumat inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanı törətmiş şəxsə verilir. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə tətbiq edilmiş inzibati cərimə ilə əlaqədar ödənişi qəbul edən bank və ya poçt müvafiq ödənişin edildiyi barədə məlumatı dərhal elektron qaydada müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərir.

150.5. Bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən:

150.5.1. fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana;

150.5.2. hüquqi şəxslər barəsində - hüquqi şəxsin pul vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər kredit təşkilatlarına göndərilir. Bank və ya digər kredit təşkilatı qərarı onun daxil olduğu vaxtdan 7 gün müddətində icra edir. Həmin müddət ərzində hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, bank və ya digər kredit təşkilatı inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı, onun icra edilməməsinin səbəbini göstərməklə, qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) dərhal qaytarmalıdır.

150.6. İnzibati məsuliyyətə cəlb edilən fiziki şəxs işdən çıxdıqda və ya inzibati cəriməni onun əməkhaqqından, yaxud digər gəlirlərindən tutmaq imkanı olmadıqda, işəgötürən üç günədək müddətdə inzibati məsuliyyətə cəlb edilən şəxsin yeni iş yerini göstərməklə (əgər bu mümkündürsə), ödəmənin mümkünsüzlüyünün səbəblərini, eləcə də ödəmə olmuşdursa, bu barədə müvafiq qeyd aparılmaqla, inzibati cərimə barədə qərarın surətini onu qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır.

150.7. Barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən fiziki şəxs işləmirsə, yaxud onun əməkhaqqından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün deyildirsə, eləcə də hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları barədə məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilir.

150.8. Bu Məcəllənin 150.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı məcburi icraya yönəldilir.

150.9. Fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir.

150.10. İnzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu Məcəllənin 150.9-cu maddəsində göstərilən müddətlərdə aşkar edildikdə, bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir.

150.11. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir.

150.12. Hüquqi və ya fiziki şəxs olan işəgötürənin mülkiyyətindəki və ya istifadəsindəki nəqliyyat vasitəsinin sürücüsü inzibati xəta törətdikdən sonra onun işəgötürənlə əmək münasibətlərinə xitam verilmişdirsə və inzibati xətanı törətmiş şəxs 2 ay müddətində inzibati cəriməni ödəməmişdirsə, nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilmədən, inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir.

150.13. Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür.

150.14. Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir.

 

Maddə 151. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərarın icrası

 

151.1. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir.

151.2. Predmetin müsadirəsi haqqında qərarın icrası başa çatdıqda, bu barədə müvafiq qeyd aparılmaqla həmin qərar onu qəbul etmiş hakimə qaytarılır.

 

Maddə 152. Fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması haqqında qərarın icrası

 

152.1. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsinin alınması yolu ilə icra edilir.

152.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs sürücülük vəsiqəsini təhvil verməkdən imtina etdikdə, sürücülük vəsiqəsinin alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir.

152.3. Gəmiləri (kiçik həcmli gəmiləri) idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərarın icrası müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

152.4. Ov etmə hüququnun məhdudlaşdırılması haqqında qərarın icrası müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

152.5. Barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir.

 

Maddə 153. Fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması müddətinin hesablanması

 

153.1. Fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən həmin fiziki şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur.

153.2. Xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən üç iş günü müddətində xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi bu Məcəllənin 152.2 - 152.4-cü maddələrində nəzərdə tutulmuş aidiyyəti orqana təqdim etməli (əgər həmin sənəd bu Məcəllənin 94.2-ci maddəsinə əsasən daha əvvəl götürülməmişdirsə), müvafiq sənəd itirildiyi hallarda isə həmin müddətdə qeyd olunan orqana bu barədə ərizə verməlidir.

153.3. Xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır.

153.4. Xüsusi hüququn məhdudlaşdırılması müddəti qurtardıqda, bu Məcəllənin 152.5-ci maddəsinə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərara xitam verildikdə, barəsində həmin inzibati tənbeh növü tətbiq edilmiş şəxsdən alınan sənədlər ona qaytarılır.

153.5. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda, sürücülük vəsiqəsi aşağıdakı qaydada qaytarılır:

153.5.1. nəqliyyat vasitəsini idarə etmək hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarə etmək vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün;

153.5.2. nəqliyyat vasitəsini idarə etmək hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün.

153.6. Nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs barəsində bu Məcəllənin 511.2 və 529.3-cü maddələrinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edildikdə, sonuncu qərara əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması müddəti əvvəlki qərara əsasən təyin edilmiş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması müddətinin son günündən etibarən hesablanmağa başlayır.

 

Maddə 154. İctimai işlər haqqında qərarın icrası

 

154.1. İctimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, barəsində bu tənbeh növü tətbiq edilən şəxsin yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir.

154.2. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs icra məmurunun icraata başlamaq haqqında qərar qəbul etdiyi gündən sonra ən geci on gün müddətində ictimai işlərin yerinə yetirilməsinə cəlb olunur.

154.3. İcra məmuru, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxslərin qeydiyyatını aparır, onlara ictimai işlərin icrasının qayda və şərtlərini izah edir, müvafiq icra hakimiyyəti orqanı ilə ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısını razılaşdırır, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxslərin davranışına nəzarət edir, onların işləmiş olduğu vaxtın uçotunu aparır.

154.4. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxslər ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili intizam qaydalarına riayət etməli, əməyə vicdanla yanaşmalı, onlar üçün müəyyən olunmuş yerlərdə və məhkəmənin qərarında müəyyən olunmuş müddətdə işləməli və yaşayış yerini dəyişdikdə, bu barədə icra məmuruna məlumat verməlidirlər.

154.5. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsə əsas iş yerində növbəti məzuniyyətin verilməsi ictimai işlər növündə inzibati tənbehin icrasını dayandırmır.

154.6. İctimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası zamanı bu Məcəllənin 28.4-cü maddəsində nəzərdə tutulmuş hallar yarandıqda, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs və ya onun qanuni nümayəndəsi qərarın icrasına xitam verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilər.

154.7. İctimai işlər növündə inzibati tənbehin müddəti saatla hesablanır.

154.8. İctimai işlər növündə inzibati tənbehin müddəti həftə ərzində on iki saatdan az olmayaraq müəyyən edilir. İctimai işlər növündə inzibati tənbehin müddəti istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində, ümumxalq hüzn günündə və barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında dörd saatdan, iş günlərində isə iki saatdan, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin razılığı ilə isə dörd saatdan çox ola bilməz. Üzrlü səbəblər olduqda, icra məmuru barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsə həftə ərzində müəyyən olunmuş vaxtdan az işləməyə icazə verir.

154.9. İctimai işlər növündə inzibati tənbehin icrası zamanı işəgötürən, barəsində bu tənbeh növü tətbiq edilən şəxslər üçün müəyyən edilmiş işin yerinə yetirilməsinə nəzarət edir, onların işlədikləri saatların uçotunu aparır və ictimai işləri yerinə yetirməkdən boyun qaçırma halları barədə icra məmuruna məlumat verir.

154.10. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsi qaydalarını pozduqda, icra məmuru ona məsuliyyət daşıyacağı barədə rəsmi xəbərdarlıq edir.

154.11. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırdıqda, icra məmuru bu Məcəllənin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir.

 

Maddə 155. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma haqqında qərarın icrası

 

155.1. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma haqqında qərarda müəyyən olunmuş müddətdə ölkəni tərk etməlidirlər.

155.2. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma haqqında səlahiyyətli orqanların (vəzifəli şəxslərin) qərarı müvafiq icra hakimiyyəti orqanıtərəfindən icra edilir.

155.3. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma haqqında qərarın icrasından boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda, onlar Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən olunmuş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanılması mərkəzlərinə yerləşdirilirlər.

155.4. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıldıqda, onun Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılması məhdudlaşdırmaya səbəb olan hallar aradan qalxdıqdan sonra icra edilir.

155.5. Azərbaycan Respublikasının ərazisindən inzibati qaydada çıxarılan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin çıxarılmasına görə xərclər onların öz üzərinə düşür. Bu şəxslərin çıxarılması üçün onların vəsaiti olmadıqda, belə xərclərin ödənilməsi onları qəbul edən şəxslərin, idarə, müəssisə və təşkilatların, qəbul edən tərəf olmadıqda isə müvafiq icra hakimiyyəti orqanının üzərinə düşür.

155.6. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma haqqında qərar icra edildikdən sonra, çıxarma haqqında müvafiq qeyd aparılmaqla, həmin qərar onu qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılır.

155.7. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma inzibati tənbeh tədbirinin tətbiqindən irəli gələn digər məsələlər bu Məcəllədə nəzərdə tutulan müddəalara zidd olmamaq şərti ilə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq həll edilir.

 

Maddə 156. İnzibati həbs haqqında qərarın icrası

 

156.1. Hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir.

156.2. Barəsində inzibati həbs tətbiq edilmiş şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılır. İnzibati həbs haqqında qərar icra olunarkən, həbs edilənlər şəxsi axtarışdan keçirilir.

156.3. İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir.

Go to top