FƏSİL 25
Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar
Maddə 233. Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin hədlərinin yol verilə bilən normativlərdən artıq olması
233.1. Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-
vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
233.2. Ətraf mühitin mühafizəsi məqsədi ilə elektromaqnit sahələrinin səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli fiziki təsirlərin yol verilə bilən son hədlərinin normativlərinin pozulmasına görə-
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 234. Atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması
234.0. Atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulmasına, yəni:
234.0.1. müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılmasına;
234.0.2. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə nəzarət etmək məqsədi ilə quraşdırılmış qurğulardan, avadanlıqdan və cihazlardan istismar qaydalarının pozulmasına;
234.0.3. atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinə cavab verməyən yeni və yenidən qurulmuş qurğuların və avadanlığın istismara verilməsinə;
234.0.4. atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməyən və atmosfer havasına zərərli maddələrin atılmasına nəzarət üçün texniki vasitələrlə təmin olunmanı nəzərə almayan kəşflərin, ixtiraların, səmərələşdirici təkliflərin, yeni texniki sistemlərin, maddələrin tətbiq edilməsinə, yaxud bu cür texnoloji avadanlığın idxal edilməsinə;
234.0.5. sənaye və məişət tullantılarının toplanması, yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral gübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havasının çirklənməsinə;
234.0.6. müəssisə, idarə və təşkilatların yerləşdiyi yerlərdə atmosfer havasının vəziyyətinə nəzarət qaydalarına əməl edilməməsinə görə-
fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.
Maddə 235. Radioaktiv maddələrlə iş zamanı ekoloji tələblərin pozulması
235.1. Radioaktiv maddələrin daşınmasının, basdırılmasının, nəql edilməsinin və ya istehsalının müəyyən edilmiş qaydalarının gözlənilməməsinə, ətraf mühitin radioaktiv çirklənməsinin qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlər görülməməsinə görə-
fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan on səkkiz min manatadək məbləğdə cərimə edilir.
235.2. Ətraf mühitin radioaktiv çirklənməsi aşkar edildikdə, bu barədə müvafiq orqanlara dərhal məlumat verilməməsinə görə-
fiziki şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 236. Müəssisələrin, qurğuların və başqa obyektlərin tikintisinə və yenidən qurulmasına dair ekoloji tələblərin pozulması
236.1. Müəssisələrin, qurğuların və başqa obyektlərin tikintisi və yenidən qurulması zamanı ətraf mühitin keyfiyyət normativlərinə riayət olunmamasına görə-
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.
236.2. Tikinti işləri aparıldıqda torpaqların rekultivasiyası, təbii resursların bərpası və səmərəli istifadəsi, ərazilərin abadlaşdırılması və ətraf mühitin sağlamlaşdırılması ilə bağlı tədbirlər görülməməsinə görə-
vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 237. Müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması
237.1. Yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən, yaxud təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadan müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə görə-
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.
237.2. Ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə-
fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Maddə 238. Ətraf mühitə buraxılan tullantılarında müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin istehsalı, idxalı, istismara buraxılması
238.1. Ətraf mühitə buraxılan tullantılarında çirkləndirici maddələrin yol verilən hədlərinin və ya səs-küyün və vibrasiyanın yol verilən səviyyələrinin müəyyən edilmiş normativlərə və standartlara uyğun olmayan nəqliyyat vasitələrinin istehsalına və ya idxalına görə-
vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min beş yüz manatdan on beş min manatadək məbləğdə cərimə edilir.
238.2. Ətraf mühitə buraxılan tullantılarında müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin istismara buraxılmasına görə-
fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.
Maddə 239. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin və ya təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatının aparılmaması
Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə-
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.
Maddə 240. Ətraf mühitin mühafizəsi sahəsində standartlaşdırma qaydalarının pozulması
Ətraf mühitin mühafizəsi sahəsində mövcud standartlar və texniki tələblər pozulmaqla məhsulların (məmulatların) hazırlanmasına, satılmasına, saxlanılmasına, nəql edilməsinə, istifadəsinə, istismarına və təmirinə, yaxud işlərin və xidmətlərin yerinə yetirilməsinə görə-
fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 241. Ətraf mühitin mühafizəsi sahəsində sertifikatlaşdırma qaydalarının pozulması
Ətraf mühitin mühafizəsi sahəsində məcburi sertifikatlaşdırılmalı olan məhsulların belə sertifikat olmadan istehsal edilməsinə, işlərin (xidmətlərin) yerinə yetirilməsinə görə-
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 242. Xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə qaydalarının pozulması
Xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə qaydalarının, həmin ərazilərin mühafizə rejiminin pozulmasına görə-
fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
Maddə 243. Yerin təkindən istifadə qaydalarının pozulması
243.0. Yerin təkindən istifadə qaydalarının pozulmasına, yəni:
243.0.1. yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına;
243.0.2. yerin təkinin çirklənməsinə və faydalı qazıntı yatağının istismar üçün yararsız hala düşməsinə yol verilməsinə;
243.0.3. geoloji və ya digər məlumatlara mülkiyyət hüququnun və bu məlumatların məxfiliyinin pozulmasına;
243.0.4. faydalı qazıntı yayılan sahələrdə özbaşına tikinti işlərinin aparılmasına;
243.0.5. yerin təkindən istifadə edilərkən bina və qurğuların, eləcə də xüsusi mühafizə olunan ərazilərin və ətraf mühit obyektlərinin toxunulmazlığının təmin edilməməsinə;
243.0.6. yeraltı suların müşahidə quyularının, markşeyder və geodeziya nişanlarının məhv edilməsinə və zədələnməsinə;
243.0.7. ləğv edilən və konservasiya olunan dağ qazmalarının və buruq quyularının əhalinin və ətraf mühitin təhlükəsizliyini təmin edən vəziyyətə gətirilməsi, habelə konservasiya müddəti ərzində faydalı qazıntı yataqlarının, dağ qazmalarının və buruq quyularının qorunması tələblərinə əməl edilməməsinə;
243.0.8. yerin təkindən istifadə edilərkən yararsız hala salınmış torpaq sahələrinin və digər təbiət obyektlərinin onların gələcək istifadəsi üçün yararlı vəziyyətə gətirilməməsinə;
243.0.9. yerin təkindən istifadə zamanı elm və mədəniyyət üçün maraq doğuran obyektlər aşkar edilərkən həmin sahədə işlərin dayandırılmamasına və lisenziya və ya icazə verən orqana məlumat verilməməsinə görə-
fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min iki yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
Maddə 244. Torpaqların (meşə fondu torpaqlarının) zibillənməsi və korlanması
244.1. Torpaqların (meşə fondu torpaqlarının) istehsalat və məişət tullantıları ilə zibilləndirilməsinə və ya kimyəvi, çirkab suları ilə çirkləndirilməsinə, yaxud bakterial-parazitik və zərərli karantin orqanizmləri ilə yoluxdurulmasına görə-
fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.
244.2. Torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə-
fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Maddə 245. Torpaqlardan təsərrüfatsızcasına istifadə edilməsi
245.1. Torpaqları yaxşılaşdırmaq və onları külək, su eroziyasından və torpaqların münbitliyini pisləşdirən digər proseslərdən mühafizə etmək üçün məcburi tədbirlərin görülməməsinə görə-
fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadəkməbləğdə cərimə edilir.
245.2. Torpağın vəziyyətinə zərərli təsir göstərən obyektlərin layihələndirilməsinə, tikilməsinə və istismara verilməsinə görə-
fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
Maddə 246. Torpaqların dövlət uçotundan, qeydiyyatından gizlədilməsi və ya kəmiyyətinə və keyfiyyətinə dair məlumatların təhrif edilməsi
Torpaqların dövlət uçotundan, qeydiyyatından gizlədilməsinə və ya kəmiyyətinə və keyfiyyətinə dair məlumatların təhrif edilməsinə görə-
yetmiş manatdan yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 247. Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi
247.1. Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə -
fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.
247.2. Bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə -
fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
Maddə 248. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulması
248.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına, yəni:
248.1.1. həmin torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılmasına;
248.1.2. həmin torpaq sahəsinin müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması zamanı Azərbaycan Respublikasının Torpaq Məcəlləsində nəzərdə tutulmuş hasarlanma və bağlanma üçün istifadə edilən tikinti konstruksiyalarının dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsinin və ya dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına, yaxud həmin hasar və ya tikinti konstruksiyasının uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunmasıməqsədi ilə eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçidin təmin olunmamasına;
248.1.3. dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə -
fiziki şəxslər dörd min manat məbləğində, vəzifəli şəxslər səkkiz min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir.
248.2. Bu Məcəllənin 248.1-ci maddəsində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə -
fiziki şəxslər beş min manat məbləğində, vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğində cərimə edilir.
Maddə 249. Torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının pozulması
Vəzifəli şəxs tərəfindən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalar və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri pozulmaqla torpaq sahələrinin (magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarındakı torpaq sahələri, habelə kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla) tikinti üçün ayrılmasına görə -
iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
Maddə 250. Mərz nişanlarının məhv edilməsi
Mülkiyyətdə və ya istifadədə (icarədə) olan torpaqların hüdudlarının, mərz nişanlarının məhv edilməsinə görə -
yetmiş manatdan doxsan manatadək məbləğdə cərimə edilir.
Maddə 251. Torpaq sahələrində meteoroloji şəbəkələrin, ölçmə vasitələrinin və digər vasitələrin sıradan çıxarılması və torpaqların kateqoriyalarının dəyişdirilməsi
251.1. Torpaq sahələrində meteoroloji şəbəkələrin və ölçmə vasitələrinin, geodeziya istinad məntəqələrinin sıradan çıxarılmasına görə -
fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
251.2. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə riayət edilmədən torpaqların kateqoriyalarının dəyişdirilməsinə görə -
fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min üç yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
251.3. Meliorasiya və irriqasiya sistemlərinin sıradan çıxarılmasına görə -
fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 252. Meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınması qaydasının pozulması
Meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınması qaydasının pozulmasına görə -
fiziki şəxslər üç yüz əlli manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min yeddi yüz manatdan üç min altı yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Maddə 253. Meşəqırma bileti (orderi) olmadan köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsi və zədələnməsi, meşə bitkilərinin və cavan ağacların məhv edilməsi və zədələnməsi
253.1. Meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, yaxud meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə -
fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər dörd min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir.
253.2. Meşə fonduna aid olmayan ağac və ya kol əkililərinin zədələnməsinə, kəsilməsinə və ya məhv edilməsinə görə -
fiziki şəxslər iki min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
253.3. Eyni inzibati xəta:
253.3.1. şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti işləri aparılarkən lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə -
fiziki şəxslər min iki yüz manatdan min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir;
253.3.2. magistral avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə -
fiziki şəxslər min manatdan min iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir;
253.3.3. su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə -
fiziki şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan altı min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir;
253.3.4. müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib edilmiş yaşıllıq ərazilərinin kadastrında olan hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə -
fiziki şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi beş min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.
Qeyd: Bu Məcəllənin 253.3.1, 253.3.2, 253.3.3 və ya 253.3.4-cü maddələrinə əsasən bir neçə ağacın və ya kol əkililərinin zədələnməsi və ya məhv edilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsi ilə əlaqədar inzibati xəta haqqında işə baxılarkən həmin xətaya görə tətbiq edilən inzibati cərimənin məbləği bu Məcəllənin 25.4-cü maddəsində hüquqi və fiziki şəxsə, həmçinin vəzifəli şəxsə münasibətdə müəyyən edilmiş məbləğdən artıq ola bilməz.
Maddə 254. Meşəqırma biletində (orderində) və ya meşə biletində nəzərdə tutulmuş məqsədləri və ya tələbləri gözləmədən meşədən istifadə
Meşəqırma biletində (orderində) və ya meşə biletində nəzərdə tutulmuş məqsədləri və ya tələbləri gözləmədən meşədən istifadəyə görə -
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Maddə 255. Meşələrin bərpası, məhsuldarlığının artırılması, cins tərkibinin yaxşılaşdırılması və yetişmiş oduncaq ehtiyatlarından istifadə qaydalarının pozulması
Meşələrin bərpası, məhsuldarlığının artırılması, cins tərkibinin yaxşılaşdırılması və yetişmiş oduncaq ehtiyatlarından istifadə qaydalarının pozulmasına görə -
fiziki şəxslər beş yüz əlli manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir.
Maddə 256. Meşə fondu torpaqlarında biçənəklərin və otlaq sahələrinin zədələnməsi və ya korlanması
Meşə fondu torpaqlarında biçənəklərin və ya otlaq sahələrinin zədələnməsinə və ya korlanmasına görə -
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Maddə 257. Meşə fondu sahələrində özbaşına ot biçilməsi və ya mal-qara otarılması, özbaşına yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə yığılması
Meşə fondu sahələrində özbaşına ot biçilməsinə və ya mal-qara otarılmasına və ya yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə və sair yığılması qadağan edilən və ya buna ancaq meşə biletləri üzrə yol verilən sahələrdə onların özbaşına yığılmasına görə -
fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 258. Meşə fondu torpaqlarında meşələrə zərərli təsirin qarşısını alan qurğuları olmayan istehsal obyektlərinin tikilməsi və ya istifadəyə verilməsi
Meşə fondu torpaqlarında meşələrə zərərli təsirin qarşısını alan qurğuları olmayan istehsal obyektlərinin və ya digər obyektlərin tikilməsinə və ya istifadəyə verilməsinə görə-
fiziki şəxslər yeddi yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər doqquz min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.
Maddə 259. Meşə fondu torpaqlarında meşəsuvarma şəbəkələrinin, drenaj sistemlərinin, yaxud yolların məhv edilməsi və ya korlanması
Meşə fondu torpaqlarında meşəsuvarma şəbəkələrinin, drenaj sistemlərinin, yaxud yolların məhv edilməsinə və ya korlanmasına görə-
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan yeddi min beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 260. Meşə fondu torpaqlarında məhdudlaşdırıcı nişanların (sərhəd, kvartal və digər göstərici dirəklərin) məhv edilməsi və ya zədələnməsi
Meşə fondu torpaqlarında məhdudlaşdırıcı nişanların (sərhəd, kvartal və digər göstərici dirəklərin) məhv edilməsinə və ya zədələnməsinə görə-
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər beş min beş yüz manatdan altı min beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 261. Meşə üçün faydalı faunanın məhv edilməsi
Meşə üçün faydalı faunanın məhv edilməsinə görə-
fiziki şəxslər iki yüz əlli manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan yeddi min beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 262. Su obyektlərindən və sudan istifadə qaydalarının pozulması
262.1. Su obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni:
262.1.1. su obyektlərində hidrotexniki və digər qurğuların özbaşına tikilməsinə;
262.1.2. su obyektlərinin özbaşına tutulmasına;
262.1.3. su obyektlərindən istifadə üzrə lisenziya və ya icazə ilə müəyyən edilmiş şərtlərin pozulmasına görə -
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
262.2. Sudan özbaşına istifadə edilməsinə, yəni:
262.2.1. sudan istifadə etmə limitlərinə əməl edilməməsinə;
262.2.2. su ehtiyatlarından israfçılıqla istifadə edilməsinə;
262.2.3. içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə -
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
262.3. Su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə -
fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.
Qeyd: Bu maddədə “az miqdarda” dedikdə, min manatadək olan məbləğ başa düşülür.
Maddə 263. Su təchizatı sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən maneələr törədilməsi
Su təchizatı müəssisəsinin səlahiyyətli şəxsi tərəfindən su qanunvericiliyinin tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə tədbirlərin həyata keçirilməsinə, yaxud həmin şəxsin qanuni tələblərinin yerinə yetirilməsinə istehlakçı tərəfindən maneələr törədilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə[8]-
fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Maddə 264. Su obyektlərinin mühafizəsi qaydalarının pozulması
264.0. Su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni:
264.0.1. su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə;
264.0.2. su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə;
264.0.3. su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə;
264.0.4. xüsusi qorunan su obyektlərinin rejiminin pozulmasına;
264.0.5. su obyektlərinin dövlət monitorinqinin, suların dövlət uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət edilməməsinə;
264.0.6. sutoplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla suların çirkləndirilməsinə, torpaqların su eroziyasına və başqa ziyanlı hallara səbəb olmasına;
264.0.7. su çıxarmaq üçün quyu qazılması qaydalarının və texnologiyasının pozulmasına və ya lazımi icazə olmadan su çıxarmaq üçün quyu qazılmasına görə-
fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.
Maddə 265. İçməli su mənbələrinin, sutəmizləyici qurğuların, su kəmərlərinin sanitar mühafizə zonalarının tələblərinin və içməli suyun keyfiyyətinə dair tələblərin pozulması
265.1. İçməli su mənbələrinin, sutəmizləyici qurğuların, su kəmərlərinin sanitar mühafizə zonalarının tələblərinin pozulmasına görə-
fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
265.2. İçməli suyun keyfiyyətinin sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlməməsinə görə-
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 266. İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması
266.1. Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə-
fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.
266.2. Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə-
vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.
266.3. Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə-
əlli manat məbləğində cərimə edilir.
266.4. Şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə-
vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.
Maddə 267. Zərərli maddələrlə və ya bu maddələrin qarışıqları ilə aparılan əməliyyatları gəmi sənədlərində qeyd etmək vəzifələrinin yerinə yetirilməməsi
İnsanların sağlamlığı üçün və ya dənizin canlı ehtiyatları üçün zərərli maddələrlə, yaxud tərkibində müəyyən edilmiş normalardan artıq bu cür maddələr olan qarışıqlarla aparılan əməliyyatların gəmi sənədlərində qeyd edilməsi barədə vəzifənin gəminin və ya digər üzən vasitənin kapitanı, komanda heyətinin başqa şəxsləri tərəfindən yerinə yetirilməməsinə və ya bu əməliyyatlar haqqında gəmi sənədlərində göstərilən şəxslər tərəfindən yanlış qeydlər aparılmasına, yaxud belə sənədləri müvafiq vəzifəli şəxslərə təqdim etməkdən qanunsuz olaraq imtina edilməsinə görə-
iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə cərimə edilir.
Maddə 268. Radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməməsi və ya pozulması
268.0. Radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməməsinə və ya pozulmasına, yəni:
268.0.1. ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə;
268.0.2. təbii radionuklidlərin təsirindən əhalinin təhlükəsizliyinin təmin edilməməsinə;
268.0.3. qida məhsulları istehsalı və istifadəsi zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə;
268.0.4. tibbi rentgen-radioloji prosedurlar keçirilən zaman əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməməsinə;
268.0.5. radiasiya qəzası zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə-
fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.
Maddə 269. Hidrometeorologiya fəaliyyəti haqqında qanunvericiliyin pozulması
269.0. Hidrometeorologiya fəaliyyəti haqqında qanunvericiliyin pozulmasına, yəni:
269.0.1. hidrometeorologiya fəaliyyəti üzrə normativ-texniki sənədlərin tələblərinə hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların istehsalçıları və istehlakçıları tərəfindən əməl edilməməsinə;
269.0.2. hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikasının dövlət məlumatlar fondunun materiallarının fondun sərəncamçılarının razılığı olmadan başqa şəxslərə verilməsinə və ya surətinin çıxarılmasına;
269.0.3. hazırlanmış materialların bir nüsxəsinin hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların istehsalçıları tərəfindən, müəlliflik və mülkiyyət hüquqları saxlanılmaqla, xidməti istifadə üçün hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikasının dövlət məlumatlar fonduna verilməməsinə;
269.0.4. ərazilərində hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə rəsədxanalar, stansiyalar və digər müşahidə məntəqələri yerləşən torpaq sahələrinin və su obyektlərinin mülkiyyətçiləri və istifadəçiləri tərəfindən həmin məntəqələrin və ölçmə vasitələrinin toxunulmazlığının təmin edilməməsinə, onların korlanması və məhv edilməsi barədə müvafiq orqana məlumat verilməməsinə və ya məntəqələrdə hidrometeoroloji işlərin aparılması üçün lazımi şərait yaradılmamasına;
269.0.5. müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan müşahidə şəbəkələrinin köçürülməsinə, yerlərinin dəyişdirilməsinə, yenilərinin quraşdırılmasına va ya fəaliyyətinin dayandırılmasına;
269.0.6. müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan atmosfer proseslərinə fəal təsir işlərini həyata keçirən texniki komplekslərdən başqa məqsədlər üçün istifadə edilməsinə;
269.0.7. hidrometeoroloji müşahidə şəbəkələrinin ətrafındakı mühafizə zonalarında hər hansı təsərrüfat fəaliyyəti ilə məşğul olunmasına görə-
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Maddə 270. Geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin pozulması
270.0. Geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin pozulmasına, yəni:
270.0.1. dövlət qeydiyyatına alınmamış və ya patenti alınmamış, yaxud sertifikatlaşdırılmamış geodeziya və kartoqrafiya materiallarının və məlumatlarının, xüsusi təyinatlı geodeziya və kartoqrafiya avadanlığının və cihazlarının ticarət dövriyyəsinə daxil edilməsinə;
270.0.2. dövlət geodeziya-istinad məntəqələrinin və ya yerüstü nişanların korlanmasına, yaxud məhv edilməsinə;
270.0.3. dövlət geodeziya və kartoqrafiya xidməti orqanının razılığı olmadan dövlət geodeziya-istinad məntəqələrinin və yerüstü nişanların yerlərinin dəyişdirilməsinə, habelə belə məntəqə və nişanların yenidən qurulmasına, yaxud yeni məntəqə və nişanların quraşdırılmasına görə-
fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min üç yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
Maddə 271. Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi
Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə-
fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Maddə 272. Balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması
272.1. Balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə-
inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir.
272.2. Balıqçılıq su obyektlərində istismar edilən su təsərrüfatı obyektlərinin balıqqoruyucu qurğularla təchiz edilməməsinə görə -
fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.
272.3. Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-
inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır.
Maddə 273. Heyvanlar aləmi obyektlərindən istifadə qaydalarının pozulması
273.0. Heyvanlar aləmi obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni:
273.0.1. heyvanlar aləmi obyektlərindən istifadənin limitləri barədə tələblərin pozulmasına;
273.0.2. dövlət ekoloji ekspertizasının tələblərinin yerinə yetirilməməsinə;
273.0.3. heyvanların yaşayış mühitinin, çoxalma şəraitinin və miqrasiya yollarının mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə;
273.0.4. qurumuş bitkilərin və ya onların qalıqlarının heyvanlar aləminin məskunlaşdığı yerlərdə özbaşına yandırılmasına;
273.0.5. bitki mühafizəsi vasitələrinin, onların boy stimulyatorlarının, mineral gübrələrin və başqa maddələrin (preparatların) saxlanması, daşınması və tətbiq edilməsi qaydalarının pozulmasına;
273.0.6. heyvanlar aləmi obyektlərinin vəziyyəti, sayı, onların istifadəsi haqqında məlumatların gizlədilməsinə və ya təhrif edilməsinə görə-
fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər beş min beş yüz manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
Maddə 274. Heyvanlarla rəhmsiz rəftar edilməsi
Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə-
beş yüz manat məbləğində cərimə edilir.
Maddə 275. Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulması
275.1. Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına, yəni:
275.1.1. dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə;
275.1.2. ağır ekoloji nəticələrə səbəb ola bilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə;
275.1.3. ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblərə uyğun olmayan təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə;
275.1.4. ətraf mühitin və onun komponentlərinin qlobal mənfi dəyişikliklərinə səbəb olan, o cümlədən ekoloji təhlükəsizlik sahəsində beynəlxalq müqavilələri pozan fəaliyyətin həyata keçirilməsinə;
275.1.5. müvafiq ərazinin təbii mühitinə xas olmayan, habelə nəzarətsiz artımının və yayılmasının qarşısını almaq üçün səmərəli tədbirlər hazırlamadan süni yolla əldə edilmiş orqanizmlərdən istifadə edilməsinə, onların çoxaldılmasına və ya yayılmasına;
275.1.6. ətraf mühit və insanlar üçün təhlükə dərəcəsi qiymətləndirilməmiş maddələrin tətbiq edilməsinə;
275.1.7. insan orqanizmində və ətraf mühitdə cəmləşə bilən və təbii parçalanmaya uğramayan toksik maddələrdən istifadə edilməsinə, habelə zərərsizləşdirmə texnologiyası ekoloji cəhətdən təhlükəli olan toksik maddələrin tətbiq edilməsinə;
275.1.8. emal, zərərsizləşdirmə və təkrar istifadə texnologiyası ekoloji cəhətdən təhlükəli olan məhsulların ölkəyə gətirilməsinə və ya istehsalına;
275.1.9. müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş siyahıda göstərilən toksik və sair təhlükəli istehsalat və məişət tullantılarının, təkrar istifadə edilə bilməyən qeyri-toksik tullantıların, habelə istifadə və təkrar istifadə texnologiyası ekoloji təhlükə yaradan maddələrin ölkəyə gətirilməsinə;
275.1.10. bu Məcəllənin 275.1.1 - 275.1.9-cu maddələrində göstərilən xətaların törədilməsi ilə müşayiət olunan elmi-tədqiqat, iqtisadi və sair eksperimentlərin həyata keçirilməsinə görə-
fiziki şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.
275.2. Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi normalarının pozulmasına görə-
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir.