"Be faithful to that which exists within yourself."
Andre Gide

FƏSİL 31

 

Rabitə qaydaları əleyhinə olan inzibati xətalar

 

Maddə 359. Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizəsi qaydalarının pozulması

 

Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə qaydalarının pozulmasına görə-

fiziki şəxslər yüz manatdan yüz əlli manatadək, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 360. Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma

 

Abonentə məxsus telefon nömrəsinə aid olan rabitə xəttinə qanunsuz olaraq daxil olmaqla, danışıqlar aparma, zərər çəkmiş şəxsə az miqdarda ziyan vurmaqla törədildikdə-

dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd: Bu maddədə “az miqdarda” dedikdə, min manatadək olan məbləğ başa düşülür.

 

Maddə 361. Dövlət poçt ödənişi nişanlarının qanunsuz hazırlanması, nəşri, dövriyyəyə buraxılması və dövriyyədən çıxarılması

 

Dövlət poçt ödənişi nişanlarının hazırlanması, nəşri, dövriyyəyə buraxılması və dövriyyədən çıxarılması qaydalarının pozulmasına görə-

poçt ödənişi nişanları müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər səksən manatdan yüz manatadək, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 362. Rabitə xidməti qaydalarının pozulması

 

Rabitə fəaliyyətinin həyata keçirilməsi zamanı rabitə xidməti qaydalarının pozulmasına, yəni mövcud standartlar, norma və qaydalara əməl edilməməsinə görə-

səksən manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.

 

Maddə 363. Sertifikatlaşdırılmamış telekommunikasiya vasitələri və qurğularından qanunsuz istifadə edilməsi

 

Sertifikatlaşdırılmamış telekommunikasiya vasitələri və qurğularından ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilməsinə görə -

telekommunikasiya vasitələri və qurğuları müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər səksən manatdan yüz manatadək, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 364. Telekommunikasiya şəbəkələrinin və qurğularının layihələşdirilməsi, tikintisi, təmiri, yenidən qurulması, quraşdırılması və ya yerdəyişməsi qaydalarının və normalarının pozulması

 

Telekommunikasiya şəbəkələrinin və qurğularının layihələşdirilməsinin, tikintisinin, təmirinin, yenidən qurulmasının, quraşdırılmasının və ya yerdəyişməsinin müvafiq dövlət və sahə standartlarına, müəyyən edilmiş norma və qaydalara uyğun olaraq aparılmamasına görə-

fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 365. Dövlət əhəmiyyətli elektrik rabitə xətlərində baş vermiş qəzaların aradan qaldırılmasına maneçilik törədilməsi

 

Dövlət əhəmiyyətli elektrik rabitə xətlərində baş vermiş qəzanın aradan qaldırılmasına qəzanın baş verdiyi yerin mülkiyyətçisi və ya istifadəçisi tərəfindən maneçilik törədilməsinə görə-

fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində cərimə edilir.

 

Maddə 366. Telekommunikasiya şəbəkələri, vasitələri və qurğularının mühafizə zonalarında müvafiq icazə olmadan işlərin aparılması

 

Telekommunikasiya şəbəkələri, vasitələri və qurğularının mühafizə zonalarında müvafiq icazə olmadan tikinti işlərinin və ya digər işlərin aparılmasına görə-

fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 367. Ümumi istifadəli avtomat telefonların zədələnməsi

 

Ümumi istifadəli avtomat telefonların zədələnməsinə görə-

iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 368. Abonentin identifikasiya modulunun və ya mobil telefon aparatının başqa şəxslərə kirayəyə verilməsi

 

Mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə abonentin identifikasiya modulunun (sim kartlar və ya digər kartlar) və ya mobil telefon aparatının başqa şəxslərə kirayəyə verilməsinə görə -

fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək, vəzifəli şəxslər min manatdan iki min manatadək, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 369. İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara xidmət göstərilməsi

 

369.1. Mobil operator tərəfindən İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara (İMEİ nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsinə görə-

vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir.

369.2. Bu Məcəllənin 369.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-

vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on altı min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 370. Telekommunikasiya şəbəkələrinin mobil cihazların qeydiyyat sisteminə qoşulmasının və (və ya) uyğunlaşdırılmasının (uzlaşdırılmasının) təmin edilməməsi

 

Mobil operator tərəfindən telekommunikasiya şəbəkəsinin mobil cihazların qeydiyyat sisteminə qoşulmasının və (və ya) uyğunlaşdırılmasının (uzlaşdırılmasının) təmin edilməməsinə görə -

vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Go to top