I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

İyirmi altıncı fəsil

MİLLİ MƏCLİSƏ SEÇKİLƏRİN KEÇİRİLMƏSİ

   Maddə 165. Milli Məclisə seçkilər zamanı səsvermə otağı

165.1. Milli Məclisə seçkilər zamanı səsvermə otağı bu Məcəllənin 98-ci maddəsinin tələblərinə uyğun təşkil edilir.

165.2. Məntəqə seçki komissiyası səsvermə otağında və ya bilavasitə otağın qarşısında seçki bülletenlərinin nümunələrini, namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları haqqında məlumatları, müvafiq birmandatlı seçki dairəsi üzrə qeydə alınmış bütün namizədlərin soyadı, adı, atasının adı, doğum tarixi, təhsili, əsas iş (və ya xidmət) yeri və tutduğu vəzifəsi (bu olmadıqda — fəaliyyət növü), yaşayış yeri, namizədliyini kimin irəli sürməsi haqqında məlumatları məlumat lövhələrində yerləşdirir.

165.3. Namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları haqqında məlumatlar seçki bülletenlərində nəzərdə tutulmuş qaydada və ardıcıllıqla yerləşdirilir.

   Maddə 166. Milli Məclisə seçkilər zamanı seçki bülletenləri

166.1. Milli Məclisə seçkilər zamanı seçki bülletenləri bu Məcəllənin 99-cu maddəsində göstərilən qaydada hazırlanır.

166.2. Birmandatlı seçki dairəsi üzrə seçki bülletenində qeydə alınmış hər bir namizədin əlifba qaydasında soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri (bu olmadıqda — fəaliyyət növü), habelə qeydə alınmış namizədin kim tərəfindən irəli sürüldüyü göstərilməlidir.

166.3. Seçki bülletenində bu Məcəllənin 54-cü maddəsinə uyğun olaraq qeydə alınmış namizədin mənsub olduğu siyasi partiyanın qısa adı, habelə emblemi göstərilməlidir. Seçki bülleteninə daxil olan siyasi partiyaların emblemləri eyni rəngdə olmalıdır.

166.4. Seçki bülletenində bu Məcəllənin 53-cü maddəsinə uyğun olaraq qeydiyyatdan keçmiş namizədin partiya mənsubiyyəti onun arzusu ilə göstərilə bilər.

166.5. Hər bir qeydə alınmış namizədin soyadından sağda boş kvadrat yerləşdirilir.

   Maddə 167. Milli Məclisə seçkilər zamanı səsvermə qaydası

167.1. Milli Məclisə seçkilər zamanı səsvermə bu Məcəllənin 104-cü və 105-ci maddələrinə uyğun keçirilir.

167.2. Seçici birmandatlı seçki dairəsi üzrə seçki bülletenində səs verəcəyi namizədin soyadından sağdakı kvadratda işarə qoyur.

167.3. Birdən çox boş kvadratda işarə qoyulduqda, səs etibarsız sayılır.

   Maddə 168Milli Məclisə seçkilər zamanı seçki məntəqəsində səslərin hesablanması

168.1. Milli Məclisə seçkilər zamanı seçki məntəqəsində səslərin hesablanması bu Məcəllənin 106-cı maddəsinə uyğun həyata keçirilir.

168.2. Hər bir protokola bu Məcəllənin 100.2-ci maddəsində göstərilənlərlə yanaşı səsvermənin yekunlarına dair aşağıdakı məlumatlar daxil edilir:

168.2.1. seçki bülleteninə daxil edilmiş namizədlərin soyadı, adı, atasının adı, bunlar eyni olduqda — namizədlər barəsində digər məlumatlar;

168.2.2. hər bir namizədin lehinə verilmiş səslərin sayı.

   Maddə 169. Milli Məclisə seçkilər zamanı birmandatlı seçki dairəsi üzrə seçkilərin yekunlarının müəyyən edilməsi

169.1. Dairə seçki komissiyasında səslərin hesablanması bu Məcəllənin 107-ci maddəsinə uyğun aparılır.

169.2. Səsvermə günündən ən geci 2 gün keçənədək dairə seçki komissiyası birmandatlı seçki dairəsi üzrə seçkilərin yekunlarını müəyyən edir.

169.3. Seçkilərdə iştirak edən seçicilərin ən çox səsini toplamış namizəd birmandatlı seçki dairəsi üzrə deputat seçilmiş hesab edilir.

169.4. Dairə seçki komissiyasının protokolunda bu Məcəllənin 100.2 və 168-ci maddələrində göstərilənlərə əlavə olaraq, deputat seçilmiş namizədin soyadı, adı və atasının adı, seçkilərin etibarsız sayıldığı seçki məntəqələrinin sayı göstərilir.

Maddə 170Birmandatlı seçki dairəsi üzrə seçkilərin baş tutmaması və ya seçkilərin etibarsız sayılması

170.1. Dairə seçki komissiyası, qeydə alınmış namizədlərin lehinə verilən səslərin sayı bərabər olduqda, birmandatlı seçki dairəsi üzrə seçkiləri baş tutmamış hesab edir.

170.2. Dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:

170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;

170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.

170.2.3. məhkəmənin qərarı əsasında.

170.3. Birmandatlı seçki dairəsi üzrə seçkilər səsvermə bülletenlərinin düzgün sayılmaması nəticəsində etibarsız sayıldıqda, Mərkəzi Seçki Komissiyası səslərin yenidən sayılması haqqında qərar qəbul edir. Bu zaman səslərin yenidən sayılması Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada müvafiq dairə seçki komissiyası tərəfindən təmin edilir.

Go to top