| Hüquqi şəxsin ləğvi qaydası |
| -Ləğvetmə komissiyası hüquqi şəxsin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbuat orqanlarında onun ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında məlumat dərc etdirir. Bu müddət ləğvetmə haqqında məlumatın dərc edildiyi gündən etibarən iki aydan az ola bilməz. Ləğvetmə komissiyası kreditorları aşkar etmək və debitor borcunu almaq üçün tədbirlər görür, habelə hüquqi şəxsin ləğvi haqqında kreditorlara bildiriş göndərir. -Kreditorların tələblərinin irəli sürülməsi müddəti qurtardıqdan sonra ləğvetmə komissiyası aralıq ləğvetmə balansı tərtib edir. Balansa ləğv edilən hüquqi şəxsin əmlakının tərkibi, kreditorların irəli sürdükləri tələblərin siyahısı, habelə bu tələblərə baxılması nəticələri haqqında məlumatlar daxil edilir. Aralıq ləğvetmə balansını hüquqi şəxsin ləğvi haqqında qərar qəbul etmiş hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı təsdiq edir. -Əgər ləğv edilən hüquqi şəxsdə olan pul vəsaiti kreditorların tələblərini ödəmək üçün yetərli deyildirsə, ləğvetmə komissiyası hüquqi şəxsin əmlakını açıq hərracda satır. -Ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaitini ləğvetmə komissiyası Mülki Məcəllənin 62-ci maddəsində müəyyənləşdirilmiş növbəlik qaydasında, aralıq ləğvetmə balansına uyğun olaraq, onun təsdiq edildiyi gündən başlayaraq ödəyir. -Kreditorlar ilə hesablaşmalar başa çatdıqdan sonra ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir. Həmin balansı hüquqi şəxsin ləğvi haqqında qərar qəbul etmiş hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı təsdiq edir. Ləğvetmə komissiyası təsdiq olunmuş ləğvetmə balansını hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına göndərir. -Kreditorların tələbləri ödənildikdən sonra hüquqi şəxsin qalan əmlakı, əgər hüquqi şəxsin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun təsisçilərinə (iştirakçılarına) verilir. -Hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır. |
|