I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Hüquq sahibi
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, əqli mülkiyyət obyektlərinə hüquqları qorunan şəxs.

 

Hüquqi şəxs
-Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. -Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər. -Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. -Bələdiyyələr mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edirlər. Bu hallarda bələdiyyənin səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. -Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri) qurumlar ola bilər. -Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər.

 

Hüquqi şəxsin adı
-Hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adı olur. Qeyri-kommersiya təşkilatının adında hüquqi şəxsin fəaliyyətinin xarakteri göstərilməlidir. -Kommersiya təşkilatı olan hüquqi şəxsin firma adı olmalıdır. Firma adı qanunla müəyyənləşdirilmiş qaydada qeydə alınmış hüquqi şəxsin həmin addan istifadəyə müstəsna hüququ vardır. Firma adlarının qeydiyyatı və işlədilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. -Başqa hüquqi şəxsin firma adı ilə hüquqlar və vəzifələr əldə etməyə yol verilmir. Özgəsinin qeydə alınmış firma adından haqsız istifadə edən şəxs firma adına hüququ olanın tələbi ilə ondan istifadəyə son qoymalı və vurduğu zərərin əvəzini ödəməlidir.

 

Hüquqi şəxsin ləğvi
Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər: -onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq; -hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda; -lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə Mülki Məcəllədə nəzərdə tutulan başqa hallarda məhkəmənin qərarı ilə. Mülki Məcəllənin 59.2-ci maddəsində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi tələbini məhkəməyə qanunla bu cür tələb irəli sürmək hüququ verilmiş dövlət orqanı və ya yerli özünüidarə orqanı irəli sürə bilər. Hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin qərarı ilə onun təsisçilərinə (iştirakçılarına) və ya hüquqi şəxsin nizamnaməsi ilə onun ləğvi üçün vəkil edilmiş orqana hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə edilə bilər. -Hüquqi şəxs müflis olma nəticəsində də ləğv edilir. -Əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər.

 

Hüquqi şəxsin ləğvi qaydası
-Ləğvetmə komissiyası hüquqi şəxsin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbuat orqanlarında onun ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında məlumat dərc etdirir. Bu müddət ləğvetmə haqqında məlumatın dərc edildiyi gündən etibarən iki aydan az ola bilməz. Ləğvetmə komissiyası kreditorları aşkar etmək və debitor borcunu almaq üçün tədbirlər görür, habelə hüquqi şəxsin ləğvi haqqında kreditorlara bildiriş göndərir. -Kreditorların tələblərinin irəli sürülməsi müddəti qurtardıqdan sonra ləğvetmə komissiyası aralıq ləğvetmə balansı tərtib edir. Balansa ləğv edilən hüquqi şəxsin əmlakının tərkibi, kreditorların irəli sürdükləri tələblərin siyahısı, habelə bu tələblərə baxılması nəticələri haqqında məlumatlar daxil edilir. Aralıq ləğvetmə balansını hüquqi şəxsin ləğvi haqqında qərar qəbul etmiş hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı təsdiq edir. -Əgər ləğv edilən hüquqi şəxsdə olan pul vəsaiti kreditorların tələblərini ödəmək üçün yetərli deyildirsə, ləğvetmə komissiyası hüquqi şəxsin əmlakını açıq hərracda satır. -Ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaitini ləğvetmə komissiyası Mülki Məcəllənin 62-ci maddəsində müəyyənləşdirilmiş növbəlik qaydasında, aralıq ləğvetmə balansına uyğun olaraq, onun təsdiq edildiyi gündən başlayaraq ödəyir. -Kreditorlar ilə hesablaşmalar başa çatdıqdan sonra ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir. Həmin balansı hüquqi şəxsin ləğvi haqqında qərar qəbul etmiş hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı təsdiq edir. Ləğvetmə komissiyası təsdiq olunmuş ləğvetmə balansını hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına göndərir. -Kreditorların tələbləri ödənildikdən sonra hüquqi şəxsin qalan əmlakı, əgər hüquqi şəxsin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun təsisçilərinə (iştirakçılarına) verilir. -Hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır.

 

Hüquqi şəxsin müflis olması
-Əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. -Hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyənləşdirilir.

 

Hüquqi şəxsin mühafizə bölməsi
Hüquqi şəxsin öz mühafizəsini təmin etmək məqsədi ilə tərkibində yaradılan, müvafiq icra hakimiyyəti orqanından alınmış xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən struktur qurumu
 
Hüquqi şəxsin məsuliyyəti
-Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. -Mülki Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.

 

Hüquqi şəxsin nizamnaməsi
-Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. Bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir. -Hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Qeyri-kommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədləri müəyyənləşdirilir. -Nizamnamədə dəyişikliklər dövlət qeydiyyatına alındığı andan üçüncü şəxslər üçün hüquqi qüvvəyə minir. Lakin hüquqi şəxslər və onların təsisçiləri (iştirakçıları) həmin dəyişiklikləri nəzərə almaqla hərəkət etmiş üçüncü şəxslərlə münasibətlərdə həmin dəyişikliklərin qeydə alınmadığına istinad edə bilməzlər.

 

Hüquqi şəxsin olduğu yer
Hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır.

 

Hüquqi şəxsin orqanları
-Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsi ilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası nizamnamə ilə müəyyənləşdirilir. -Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsi ilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. -Hüquqi şəxs adından çıxış edən şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vicdanla və ağılla hərəkət etməlidir. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, hüquqi şəxsin təsisçilərinin (iştirakçılarının) tələbi ilə o, hüquqi şəxsə vurduğu zərərin əvəzini ödəməlidir.

 

Hüquqi şəxsin təsisçilərinin məsuliyyəti
Hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar.

 

Hüquqi şəxsin yaradılması
-Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. -Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər.

 

Hüquqi şəxsin yenidən təşkili
-Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. -Qanunla müəyyənləşdirilmiş hallarda hüquqi şəxsin bölünməsi və ya tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkili məhkəmənin qərarı ilə həyata keçirilir. -Məhkəmə hüquqi şəxsin kənar idarəçisini təyin edir və ona hüquqi şəxsi yenidən təşkil etməyi tapşırır. Kənar idarəçinin təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Kənar idarəçi məhkəmədə hüquqi şəxsin adından çıxış edir, bölünmə balansını tərtib edib baxılmaq üçün onu yenidən təşkil nəticəsində yaranan hüquqi şəxslərin nizamnamələri ilə birlikdə məhkəməyə verir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, qanunvericiliyin tələblərinə riayət edilməklə yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün əsasdır. -Qoşulma şəklində yenidən təşkil halı istisna olmaqla, hüquqi şəxs yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına alındığı andan yenidən təşkil edilmiş sayılır. -Hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır.

 

Hüquqi şəxslərin dövlət qeydiyyatı
-Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. -Hüquqi şəxsin dövlət qeydiyyatına alınmasından imtina edilməsinə «Hüquqi şəxslərin dövlət qeydiyyatıdövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda yol verilir.Dövlət qeydiyyatına almaqdan imtina edilməsindən, habelə qeydiyyatdan yayınmaqdan məhkəməyə şikayət verilə bilər. -Hüquqi şəxs yalnız qanunla müəyyənləşdirilmiş hallarda yenidən qeydə alınmalıdır.

 

Go to top